Mətbuata sızan məxfi kəşfiyyat məlumatlarına görə, Kuba 300-dən çox hərbi pilotsuz uçuş aparatı (PUA) əldə edib.
Turkustan.az xəbər verir ki, Kuba bu PUA-lardan ABŞ-nin Quantanamo bazasına, hərbi gəmilərinə və ehtimal ki, Havanadan 90 mil şimalda yerləşən Floridanın Ki-Uest şəhərinə hücum etmək üçün istifadə olunmasını müzakirə edir.
Mənbənin bildirdiyinə görə, ABŞ-nin hərbi əməliyyatlara başlaması üçün bəhanəyə çevrilə biləcək bu kəşfiyyat məlumatları, Tramp administrasiyasının Kubanı PUA müharibəsinin inkişafı və Havandakı İran hərbi məsləhətçilərinin mövcudluğu səbəbindən nə dərəcədə ciddi bir təhdid olaraq gördüyünü nümayiş etdirir.
Yüksək rütbəli amerikalı rəsmi mövzu ilə bağlı narahatlığını belə ifadə edib:
"Bu cür texnologiyaların bizə bu qədər yaxın olmasını və terror qruplaşmalarından tutmuş narkokartellərə, iranlılara və ruslara qədər geniş bir şəbəkəsinin burada fəaliyyət göstərməsini düşünmək böyük narahatlıq doğurur".
Yaranmış gərginlik fonunda Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ/CIA) direktoru Con Retkliff cümə axşamı Kubaya səfər edərək yerli rəsmiləri hərbi fəaliyyətlərdən çəkinməyə çağırıb və onlara birbaşa xəbərdarlıq edib.
Adı açıqlanmayan rəsmi şəxs bildirib ki, Retkliff Kubanın artıq düşmənlərin maraqlarını təşviq etdiyi bir platforma rolunu oynamayacağını açıq şəkildə qarşı tərəfin diqqətinə çatdırıb./Musavat.com