Premyer Liqada qalmağı bacaran “İmişli” klubunun futbolçularına təkliflər var. Artıq bir neçə oyunçu yeni komandalarla danışıq aparmağa hazırlaşır.
Bu futbolçulardan biri də “İmişli”nin kapitanı Azər Salahlıdır. Təcrübəli müdəfiəçi cari mövsüm bölgə təmsilçisinin əsas üzvlərindən biri olub.
Komandasıyla 34 oyunda meydana çıxan Salahlının performansı yenidən diqqətləri üzərinə çəkib. O, hazırda Premyer Liqa klublarının da maraq dairəsindədir.
“İmişli”nin kapitanı davamlı forma şansı qazana biləcəyi klubda olmaq istəyir.
Çünki müdafiəçin hədəfi yenidən Azərbaycan millisinə qayıtmaqdır. Mövsüm ərzində komandasında stabil çıxış edən təcrübəli futbolçunun hazırda yığmaya dəvət almaq ehtimalı var. Ayxan Abbasov onun təcrübəsindən yararlana bilər.
Qeyd edək ki, yığmamız Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, iyunun 9-da isə San Marino yığmaları ilə üz-üzə gələcək.
İdmanxeber.az