AZ

Asif Əsgərov vətəndaşlarla görüşdü - FOTOLAR

Millət vəkili Asif Əsgərov tərəfindən Zaqatala rayonunda vətəndaş qəbulları və şəhid ailələri ilə görüşlər davam etdirilir. 

"Unikal" xəbər verir ki, növbəti görüş çərçivəsində əvvəlcə şəhid Süleymanlı Rəsulun ailəsi ilə görüş keçirilib, şəhidin əziz xatirəsi dərin ehtiramla yad olunub. Ailə üzvləri ilə səmimi söhbətlər aparılıb, onların qayğı və düşüncələri dinlənilib. Bildirilib ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinin yaşadılması və şəhid ailələrinin daim diqqətdə saxlanılması cəmiyyət qarşısında mühüm mənəvi məsuliyyətdir.

Daha sonra Yengiyan kəndində keçirilən vətəndaş qəbulunda kənd sakinləri ilə yanaşı ətraf yaşayış məntəqələrindən olan vətəndaşlar da iştirak edərək onları narahat edən problemləri diqqətə çatdırıblar. Müraciətlər əsasən elektrik təminatı, işsizlik və kənd təsərrüfatı sahəsində mövcud çətinliklərlə bağlı olub.

Qəbul zamanı hər bir müraciət ayrı-ayrılıqda dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində müzakirələr aparılıb. Müraciətlərin bir qismi yerində araşdırılaraq həllini tapıb, millət vəkilinin səlahiyyəti çərçivəsinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara yönləndirilib və nəzarətə götürülüb.

Qəbulda YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər. Həmçinin daxil olan müraciətlər əsasında aztəminatlı ailələrə yardım göstərilib.

Görüşlərin sonunda həm şəhid ailəsi, həm də qəbulda iştirak edən vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ünvanına minnətdarlıqlarını ifadə ediblər.

Millət vəkili Asif Əsgərov bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyətdə olmaq, onların gündəlik problemlərini yerində dinləmək və həlli istiqamətində addımlar atmaq fəaliyyətin əsas prioritet istiqamətlərindən biridir.

Seçilən
24
3
unikal.az

4Mənbələr