Şimali Koreya, Yaxın Şərq münaqişəsi zamanı İranın ali lideri Əli Xameneinin ABŞ-ın hücumu nəticəsində həlak olmasından sonra öz nüvə doktrinasına dəyişiklik edib.
"Ölkə.az" xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, KXDR konstitusiyasına müvafiq düzəlişlər ölkə parlamentinin martın 22-də keçirilən iclasında qəbul olunub. Yeni qaydalara əsasən, xarici hücum nəticəsində Kim Çen Inın öldürüləcəyi və ya fəaliyyət qabiliyyətini itirəcəyi təqdirdə "nüvə zərbəsi avtomatik və dərhal endirilməlidir".
Həmin iclasda Pxenyan Cənubi Koreya ilə potensial birləşməyə dair bütün bəndləri də konstitusiyadan tamamilə çıxarıb. Əsas qanunun yenilənmiş variantında KXDR ərazisi şimalda Çin və Rusiya, cənubda isə Koreya Respublikası ilə həmsərhəd olan torpaqlar, həmçinin onlara bitişik ərazi suları və hava məkanı kimi müəyyən edilib.
Sənəddə iki Koreya arasında Sarı dənizdə uzun müddətdir mübahisə doğuran dəniz sərhədi, xüsusən də faktiki dəniz sərhədi rolunu oynayan Şimal Limit Xətti zonası barədə hər hansı bir dəqiqləşdirmə yer almayıb.(Publika.az)