Bu mövsüm ilk dəfə Birinci Liqa matçını tribunadan izlədim.
İlk olaraq dəvətə, diqqətə və göstərdikləri isti münasibətə görə Qədir Zərbəliyev başda olmaqla bütün "Lek Ultras" üzvlərinə təşəkkür edirəm.
Çox ağır iş gününün sonunda "Səbail" - "Şahdağ Qusar" qarşılaşması üçün "Bayıl Arena"ya yollandım.
Amma 90 dəqiqə elə sürətlə keçdi ki, nə yorğun olduğumu hiss etdim, nə də sıxıldığımı.
Halbuki Premyer Liqanın əksər matçlarında adamı yuxu tutur.
Çempionluğu əldən verən "Səbail"ə pley-off yolunda qələbə hava-su kimi vacib idi. Qış fasiləsindən sonra əla çıxış yaxalayan qusarlılar isə məğlub olmamaqda qərarlı idi.
Hər top uğurunda amansız mübarizə getdi.
Yüksək liqadakı kobud xətalarına görə aşağı liqaya sürgün edilən Əliyar Ağayev burda da işini yarıtmadı deyə bilərik.
Xüsusilə meydan sahiblərinin əleyhinə verdiyi qərarlar tez-tez mübahisələrə səbəb olurdu.
Adil Şükürov Ağayevin əlindən 90 dəqiqə kənarda dəmir çeynədi.
Əlində əlacı olsaydı, dişinin dibindən çıxanı ona deyərdi. Ürəyi soyumazdı, hələ əl-qol da atardı. O qədər əsəbi, qəzəbli idi.
Açığı, keyfiyyət baxımından xoş sözlər demək olmaz.
Hətta bu gün sabah 40 yaşı olacaq, doğru-düzgün məşqlərdə iştirak etməyən, artıq çəkisi gözə girən Rahid Əmirquliyevin gəzə-gəzə 80 dəqiqə meydanda qalması qədər sürət aşağıdır.
Çox sayda top itkiləri, aşağı sürət.
Futbol belə inkişaf etməz.
Yaxşı olar ki, Birinci Liqaya diqqət artırılsın.
Məsələn, 17-18 legioner almaq gücündə olan Premyer Liqa klublarına 2.5 milyon manat dövlət dotasiyasını dayandırmaq lazımdır.
"Neftçi"nin, "Qarabağ"ın, "Sabah"ın, "Turan Tovuz"un kifayət qədər geniş imkanları var. O pul verilməsə də olar.
Əvəzində milyonlar 300 min manatın ümidinə qalan aşağı liqa klublarının infrastrukturuna yatırılmalı, normal futbolçular yetişdirilməlidir ki, səviyyə qalxsın.
İndiki halı ilə 18-19 yaşlı gəncləri ora göndərməklə Sibirə sürgün etmək arasında ciddi fərq yoxdur.
Ümumiyyətlə, dövlət dotasiyası əcnəbiləri ölkəyə daşımaq üçün xərclənirsə, bunun elita təmsilçilərinə verilməsi doğru deyil. Dövlətin büdcəsindən ayrılan pullar birmənalı olaraq akademiyalara sərf olunmalıdır. Əlavə maliyyə yoxdursa, əsas komanda da akademiyadan formalaşdırılsın. Hamı avrokuboklar uğurunda oynamalı deyil ki.
Bir az mövzudan uzaqlaşdıq. Bəlkə də düşünənlər olacaq ki, başda 90 dəqiqənin sürətlə keçməsini yazmaq nədir, bəs səviyyənin bu qədər aşağı olmasını qabartmaq nədir?
Bəli, sürət, səviyyə yazdıqlarımdan da çox aşağıdır.
90 dəqiqənin sürətli keçməsinin isə tək səbəbkar(lar)ı qonaq azarkeşlər oldu.
Təxminən sayı 500 nəfər olan "Lek Ultras" 90 dəqiqə dayanmadılar.
Sanki arenada 500 yox, 2000 tamaşaçı vardı.
Start fitindən əvvəl kapitan Rahid Əmirquliyevin şəkili olan böyük banner açıldı.
Premyer Liqada bu çapda banneri ən son "Qarabağ" və "Neftçi" azarkeşləri qaldırıb. Üçüncü belə klub yoxdur.
Bəstələr, şüarlar, milli mahnılar ilə qarşılaşmaya xüsusi gözəllik qatırdılar.
Daha möhtəşəm olmalarına isə yenə petardların yandırılması ilə bağlı tətbiq edilən yersiz qadağa mane oldu.
Niyəsə hələ də bəziləri stadionla kino zallarını səhv salır.
Futbol meydanlarında azarkeşlərin çılğın olmasından, petardlar yandırmasından təbii heç nə yoxdur.
Bu, oyunu gözəlləşdirir.
Bunu anlamaq üçün təkcə qardaş Türkiyə futboluna baxmaq yetərlidir.
Hər xırda şeyə görə kluba ağır cəzalar vermək olmaz. Nəticədə klub sahibləri də, azarkeşlər də futboldan küsür.
Azarkeşləri kimi "Şahdağ Qusar" kollektivi də xoş sözlərə layiqdir.
Ötən mövsüm İkinci Liqanın çempionu olmuş Qusar təmsilçisi yayda ciddi dəyişikliklərə məruz qaldı. Yeni mövsümə lazımı qədər hazırlaşa, heyət formalaşdıra bilmədi. Amma bütün bunlara rəğmən böyük büdcəsi olan, keyfiyyətli heyəti olan rəqibləri ilə mübarizədən sona qədər qopmadı.
42 xalla 5-ci sırada yer alan "Şahdağ Qusar"la medalçılar arasında böyük uçurum yoxdur.
Kollektiv üçüncü dövrədəki nəticələrə görə hətta turnir cədvəlinin lideridir.
Uğurlu çıxışın arxasındakı səbəblərdən biri də böyük azarkeş ordusudur.
Ev-səfər demədən qusarlı fanatlar sevimli komandalarının yanında olurlar.
Əgər yayda bölgə klubunun başı maliyyə problemlərinə qarışmasaydı, bu gün "Şahdağ Qusar"ı lider kürsüsündə də görə bilərdik.
İstənilən halda baş məşqçi Elnur Abdullayevin mövsümün əvvəli azarkeşlərə "narahat olmayın, daha güclü "Şahdağ" görəcəksiniz" vədini tutduğunu deyə bilərik.
Bu komanda liqaya rəng qatdı.
Az imkanlarla çox işlər görməyin mümkünlüyünü göstərdi.
Yolun hələ başındadılar.
Bu sürətlə davam etsələr, Premyer Liqa da çox uzaqda görünmür.
10 ildi təmir bağlanan Şövkət Orduxanov adına Qusar şəhər stadionunda isə yaxın günlərdə işlər start götürəcək və 2027-ci ilin yaya qədər idman qurğusu tam hazır olacaq. Bu barədə Gənclər və İdman naziri Fərid Qayıbov açıqlama verib. Ümid edək ki, bu dəfə verilən söz əməldə təsdiqini tapacaq.
Hamımızın arzuladığı "Şahdağ Qusar"ın Premyer Liqaya dönüşü, görmək istədiyi isə "Neftçi"nin, "Qarabağ"ın uzun illərdən sonra Qusa şəhər stadionunda meydana çıxmasıdır.
XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ