Bakı, 16 may, AZƏRTAC
Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Türk dünyasının siyasi, iqtisadi, mədəni və strateji birliyinin daha da güclənməsi baxımından mühüm tarixi hadisə kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin Zirvə görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın Türk dünyasında artan nüfuzunu, təşkilat daxilində aparıcı rolunu və ümumtürk həmrəyliyinə verdiyi davamlı töhfələri bir daha nümayiş etdirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva bildirib.
Zərifə Quliyeva qeyd edib ki, Prezident İlham Əliyevin Türküstan Zirvəsindəki çıxışı dərin siyasi məzmunu, strateji baxışı və gələcəyə yönələn mühüm mesajları ilə seçilir: “Dövlətimizin başçısı Türk dünyasını ‘ailəmiz’ adlandırmaqla ortaq kökə, ortaq tarixə, ortaq mədəniyyətə və vahid gələcək düşüncəsinə əsaslanan böyük bir siyasi fəlsəfəni ifadə etdi. Bu yanaşma Türk Dövlətləri Təşkilatının gələcək inkişaf xəttini daha aydın göstərir. Azərbaycan bu prosesdə həm təşəbbüskar, həm birləşdirici, həm də etibarlı tərəfdaş kimi çıxış edir”.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Türk dünyasında söz sahibi olan, strateji təşəbbüslər irəli sürən, əməkdaşlıq körpülərini möhkəmləndirən dövlət kimi mühüm mövqe qazanıb: “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu türk birliyi ideyası bu gün Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə yeni məzmun, yeni dinamika və daha geniş beynəlxalq miqyas alıb. Türküstan Zirvəsində səslənən fikirlər bu tarixi xəttin davamlılığını, dövlətçilik irsinin siyasi müdrikliklə gələcəyə daşındığını göstərir”.
Zərifə Quliyeva bildirib ki, Azərbaycanın sədrliyi dövründə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi xüsusi əhəmiyyət daşıyır: “Prezident İlham Əliyevin çıxışında Şuşa ilə Türküstanın qardaşlaşması, Bakıda keçiriləcək Türk dünyası həftəsi, Birinci Türkoloji Qurultayın 100 illiyi, şəhərsalma üzrə yüksəksəviyyəli dialoq kimi məqamlar böyük mədəni-siyasi məna daşıyır. Bu fikirlər Azərbaycanın Türk dünyasının inteqrasiyasına həm diplomatik, həm mədəni, həm də intellektual müstəvidə mühüm töhfələr verdiyini təsdiqləyir”.
İctimai Birliyin sədri vurğulayıb ki, Zirvə görüşündə rəqəmsal inkişaf, süni intellekt, “Rəqəmsal İpək Yolu”, Orta Dəhliz və Zəngəzur dəhlizi ilə bağlı səslənən fikirlər Türk dünyasının gələcək iqtisadi gücünü formalaşdıran əsas istiqamətlərdəndir: “Müasir dünya yeni texnologiyalar, nəqliyyat-logistika marşrutları və rəqəmsal idarəçilik üzərində yenidən qurulur. Prezident İlham Əliyevin bu sahələrə dair fikirləri Azərbaycanın çağdaş dövrün tələblərinə çevik cavab verdiyini, regionda yeni əməkdaşlıq imkanları yaratdığını göstərir. Orta Dəhlizin artan əhəmiyyəti, Zəngəzur dəhlizinin gələcək rolu və Trans-Xəzər Fiber-Optik Kabel xətti Türk dövlətləri arasında əlaqələrin daha praktik və dayanıqlı məzmun almasına xidmət edir”.
Zərifə Quliyeva əlavə edib ki, Prezident İlham Əliyevin Türküstan Zirvəsində səsləndirdiyi mesajlar Türk dünyasının vahid iradə, ortaq strateji hədəflər və qarşılıqlı etimad əsasında daha güclü gələcəyə doğru irəlilədiyini göstərir: “Bu gün Türk Dövlətləri Təşkilatı beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirən nüfuzlu platformaya çevrilir. Azərbaycanın bu prosesdə fəal rolu xalqımız üçün böyük qürur mənbəyidir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan Türk dünyasının birliyinə, təhlükəsizliyinə, iqtisadi gücünə və mənəvi bütövlüyünə töhfə verən əsas dövlətlərdən biri kimi çıxış edir. Türküstan Zirvəsi bir daha göstərdi ki, Türk dünyasının gələcəyi ortaq iradə, güclü liderlik və tarixi yaddaşa söykənən həmrəylik üzərində qurulur”.