AZ

Yeni dünya qurulur - Türk dünyası oyunun mərkəzində - Şərh

“Müasir dünya yeni geosiyasi və texnoloji transformasiya mərhələsinə daxil olur. Əgər XX əsrdə dövlətlərin gücü əsasən hərbi potensial, enerji resursları və coğrafi mövqelə müəyyən olunurdusa, XXI əsrdə bu anlayış sürətlə dəyişir. Artıq əsas rəqabət məlumat, texnologiya, süni intellekt və rəqəmsal idarəetmə üzərində qurulur. Kim texnologiyaya nəzarət edirsə, gələcəyin iqtisadiyyatına, təhlükəsizliyinə və siyasi təsir imkanlarına da nəzarət edir.
Məhz belə bir dövrdə Türk Dövlətləri Təşkilatının Türküstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə “Süni intellekt və rəqəmsal inkişaf” mövzusunun seçilməsi təsadüfi deyil. Bu seçim göstərir ki, türk dünyası artıq yalnız ortaq tarix və mədəniyyət platforması olmaqdan çıxaraq qlobal texnoloji yarışda strateji aktora çevrilmək niyyətindədir”.

Bunu Ölkə.az-a açıqlamasında deputat Müşfiq Məmmədli deyib.

Türk dünyası yeni mərhələyə keçir

O qeyd edib ki. Türküstan Zirvəsi türk dövlətləri arasında davamlı iqtisadi artımı təşviq etmək, dövlət idarəçiliyini rəqəmsallaşdırmaq, regional əlaqələri gücləndirmək və süni intellektin imkanlarından ortaq şəkildə istifadə etmək məqsədilə mühüm strateji platformaya çevrilir:
“Mövcud qlobal qeyri-sabitlik şəraitində belə bir zirvənin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki dünya artıq yeni texnoloji düzənin formalaşdığı mərhələyə daxil olub və bu prosesdən kənarda qalan dövlətlərin gələcəkdə ciddi geosiyasi zəifləmə ilə üzləşməsi qaçılmaz görünür.
Bu baxımdan Türküstan Zirvəsi sadəcə növbəti diplomatik toplantı deyil. Bu, Türk dünyasının gələcək taleyi ilə bağlı strateji seçim mərhələsidir.

Texnologiya uğrunda qlobal savaş başlayıb

Bu gün ABŞ, Çin, Avropa İttifaqı və digər böyük güclər süni intellekt, böyük məlumat bazaları, kibertəhlükəsizlik, rəqəmsal iqtisadiyyat və kosmik texnologiyalar uğrunda açıq rəqabət aparırlar. Süni intellekt artıq yalnız texnoloji məsələ deyil. O, iqtisadiyyatın, təhlükəsizliyin, hətta siyasi idarəetmənin əsas alətinə çevrilir.

Belə bir şəraitdə Türk dövlətləri üçün əsas məsələ bu yarışın kənarında qalmamaqdır.
Türk dövlətləri geniş coğrafiyaya, zəngin enerji resurslarına, strateji nəqliyyat marşrutlarına və böyük insan kapitalına malikdir. Lakin bu potensial yalnız koordinasiyalı texnoloji inteqrasiya və vahid rəqəmsal strategiya ilə real gücə çevrilə bilər.

Məhz buna görə ortaq texnoloji platformaların yaradılması, süni intellekt sahəsində birgə elmi layihələrin həyata keçirilməsi, rəqəmsal idarəetmə sistemlərinin inteqrasiyası və ümumtürk texnoloji məkanının formalaşdırılması artıq strateji zərurətə çevrilib”.

Azərbaycanın rolu: Türk dünyasının rəqəmsal körpüsü

Deputat əlavə edib ki, bu prosesdə Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır: “Çünki Azərbaycan həm coğrafi mövqeyi, həm də son illərdə həyata keçirdiyi rəqəmsal transformasiya layihələri ilə Türk dünyasının əsas texnoloji və logistika mərkəzlərindən birinə çevrilməkdədir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan artıq regionun rəqəmsal xəritəsində mühüm yer tutur.

Ölkədə Rəqəmsal İnkişaf Şurası yaradılıb; Milli Süni İntellekt Strategiyası qəbul edilib; Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb; bütün ölkə üzrə genişzolaqlı internet şəbəkəsinin əhatə dairəsi 100 faizə çatdırılıb; dövlət xidmətlərinin rəqəmsallaşdırılması sürətləndirilib. Bu addımlar göstərir ki, Azərbaycan rəqəmsal gələcəyə keçidi strateji dövlət siyasəti səviyyəsinə qaldırıb.

Bakı Orta Dəhlizin beyin mərkəzinə çevrilir

Türk dünyasının inteqrasiyasında ən mühüm istiqamətlərdən biri də Orta Dəhliz layihəsidir. Bu dəhliz sadəcə nəqliyyat marşrutu deyil. O, Avrasiyanın yeni iqtisadi və geosiyasi arteriyasıdır.
Lakin müasir logistika artıq yalnız yollar və limanlarla ölçülmür. Rəqəmsal gömrük sistemləri, elektron icazələr, məlumat axınının idarə olunması və süni intellekt əsaslı logistika mexanizmləri Orta Dəhlizin effektivliyini müəyyən edən əsas faktorlardır.
Məhz bu nöqtədə Azərbaycanın rolu daha da artır.

Azərbaycan Xəzərin əsas tranzit mərkəzidir; Orta Dəhlizin əsas bağlantı nöqtəsidir; Trans-Xəzər Fiber-Optik Kabel layihəsinin iştirakçısıdır; Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu”nun əsas həlqələrindən biridir.  Bu isə Bakını yalnız enerji və nəqliyyat mərkəzi deyil, həm də Türk dünyasının rəqəmsal koordinasiya platformasına çevirir.

Şuşadan Türküstana uzanan strateji xətt

Türk dünyasının institusional inteqrasiyasında Azərbaycanın rolu təkcə iqtisadi layihələrlə məhdudlaşmır. Bakı son illərdə TDT çərçivəsində siyasi və ideoloji liderlik funksiyasını da gücləndirib.

2024-cü ildə Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə görüşü Türk dünyasının yeni inteqrasiya mərhələsinin başlanğıcı oldu. Qarabağ Bəyannaməsi ilə iqtisadi, nəqliyyat, enerji və rəqəmsal əməkdaşlığın dərinləşdirilməsi istiqamətində strateji kurs müəyyən edildi.
Bu gün Türküstanda həmin kurs artıq texnoloji inteqrasiya mərhələsinə keçir.
Əslində Şuşadan Türküstana uzanan bu xətt Türk dünyasının geosiyasi transformasiyasının xəritəsidir.

Türk dünyası qarşısında duran əsas  hədəflər

Türküstan Zirvəsi türk dünyası qarşısında duran  hədəflərə nail olunmasına öz töhfəsini verəcək.  

Türk dünyası ortaq rəqəmsal platformalar qurmaqla, süni intellekt sahəsində birgə tədqiqat mərkəzləri yaratmaqla, texnoloji təhsil proqramlarını inteqrasiya etməklə, vahid rəqəmsal iqtisadi məkan formalaşdırmalıdır.  Bu TDT-nin Avrasiyanın ən güclü siyasi-iqtisadi və texnoloji platformalarından birinə çevrilməsinə genic imkanlar yaradacaq.

Yeni güc mərkəzi formalaşır

Bütün reallıqlar göstərir ki, Türk dünyası artıq yeni mərhələyə daxil olur. Bu birlik yalnız ortaq tarixə deyil, ortaq gələcək vizyonuna əsaslanır.

Bu gələcəyin mərkəzində isə Azərbaycan dayanır. Çünki Bakı Şərqlə Qərbi birləşdirən geosiyasi körpüdür; Türk inteqrasiyasının əsas təşəbbüskarlarından biridir; Orta Dəhlizin strateji mərkəzidir; rəqəmsal transformasiya və süni intellekt sahəsində regionun aparıcı platformasına çevrilir. 

Türküstan Zirvəsi bir daha göstərdi ki, Türk dünyasının inteqrasiyası artıq ideya mərhələsini keçib. İndi söhbət real geosiyasi və texnoloji gücün formalaşmasından gedir. Bu prosesdə Azərbaycanın rolu getdikcə daha da həlledici xarakter alır”.

Mürtəza

Seçilən
31
2
olke.az

3Mənbələr