Hazırda ümumtəhsil məktəblərinin I siniflərinə qəbul prosesi davam edir. Bu dövrdə xüsusilə yaşı payız aylarında tamam olacaq, eləcə də l sinfə imtahan əsasında qəbul edilən uşaqlarla bağlı məsələ valideynlərdə narahatlıq yaradır. Mütəxəssislər isə bu prosesdə tələskənliyə yol verməməyin vacib olduğunu deyirlər.
Bu barədə Pravda.az-a danışan psixoloq Aytən Ələkbərova bildirib ki, hər uşağın düşüncə və qavrama qabiliyyəti fərqlidir.
Onun sözlərinə görə, ümumtəhsil məktəblərində uşaqların 6 yaşdan məktəbə qəbul olunması illərlə aparılan təhlillərin nəticəsində doğru hesab edilir: “Uşaq 6 yaşdan kiçikdirsə, bu artıq onun fərdi xüsusiyyətlərindən asılıdır. Azyaşlı uşaqların beynini həddindən artıq yükləmək olmaz. Biz müşahidə edirik ki, bu yüklənmələr nəticəsində nəinki uşaqlarda, yeniyetmə və gənclərdə də xroniki yorğunluq halları yaranır. Belə olduqda insanın nə ruh halı, nə orqanizmi, nə də düşüncə tərzi öyrəndiyi biliklərdən düzgün istifadə etməyə imkan verir”.
A.Ələkbərova qeyd edib ki, məktəbə başlayacaq uşağın psixoloji və fiziki hazırlığı mütləq nəzərə alınmalıdır: “Uşaqlar məktəbə qəbuldan əvvəl pediatr, nevroloq və psixoloqlar tərəfindən ciddi şəkildə yoxlanmalıdır. Bu proses başdansovdu aparılmamalıdır. Valideynlər “nə olur-olsun, övladım bu il məktəbə getməlidir” düşüncəsi ilə tələsməməlidirlər. Çünki uşağın gələcəkdə dərsləri mənimsəməsi, məktəbə uyğunlaşması və sağlam inkişafı onun psixoloji və fiziki sağlamlığından çox asılıdır”.