AZ

Türk Dövlətləri Parlament Jurnalistləri Birliyi yaradılır

Türk dövlətlərinin parlament jurnalistlərini vahid platformada birləşdirəcək yeni beynəlxalq təşkilat Türk Dövlətləri Parlament Jurnalistləri Birliyinin yaradılması istiqamətində müzakirələrə başlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı məlumat verib.

Onun sözlərinə görə, artıq məsələ ilə bağlı Türkiyədə Parlament Muhabirleri Dərnəyinin rəhbərliyi ilə görüş keçirilib və təşkilatın yaradılması perspektivləri geniş şəkildə müzakirə olunub. pizza hut

Elşad Eyvazlı bildirib ki, məsələ Azərbaycan Parlament Jurnalistlər Birliyinin üzvləri arasında da müzakirəyə çıxarılıb, jurnalistlərin fikir və təklifləri öyrənilib:

“Parlament jurnalistləri bütün dünyada ən çevik, bütün proseslərdən məlumatlı, baş verənləri cəmiyyətlərə ən doğru çatdıran media nümayəndələri kimi qəbul edilir. Odur ki, öncədən işimizin uğurlu olacağına tam şəkildə inanıdır. Birliyin statusu, qeydiyyatı, fəaliyyət istiqamətləri, hədəfləri və strukturu ilə bağlı türkiyəli həmkarlarımıza ilkin təkliflərimizi təqdim etmişik. Onlar da təkliflərini hazırlayıb müzakirə edəcəklər. Yaxın vaxtlarda növbəti ümumi görüşümüz keçiriləcək”.

Birlik sədrinin sözlərinə görə, təşkilat ilkin mərhələdə Türkiyə və Azərbaycan parlament jurnalistlərinin iştirakı ilə formalaşdırılacaq. Sonrakı mərhələdə isə Türk Dövlətləri Təşkilatına üzv digər ölkələrin parlament jurnalistlərinin quruma qoşulması planlaşdırılır.

Eyvazlı qeyd edib ki, gələn ay Mərkəzi Asiya ölkələrinə səfər nəzərdə tutulub. Səfər çərçivəsində qardaş ölkələrin parlament jurnalistləri ilə görüşlər keçiriləcək və yeni təşkilatın yaradılması ilə bağlı müzakirələr davam etdiriləcək.

Onun fikrincə, yeni birlik türk dünyasında parlament jurnalistikası sahəsində mühüm əməkdaşlıq platformasına çevrilə bilər: “Bu təşkilat beynəlxalq və güclü jurnalist cəmiyyəti olacaq. Əsas üstünlüklərdən biri odur ki, artıq bir çox türk dövlətlərində parlament jurnalistləri birlikləri fəaliyyət göstərir. Yeni yaradılacaq qurum həmin təşkilatlar arasında koordinasiya və əməkdaşlığı təmin edəcək”.

Elşad Eyvazlı bildirib ki, təşəbbüsün əsas məqsədi türk dövlətləri məkanında parlament jurnalistləri arasında peşəkar əlaqələri gücləndirmək, ortaq informasiya şəbəkəsi yaratmaq və media əməkdaşlığını daha da inkişaf etdirməkdir.

O vurğulayıb ki, müasir dövrdə informasiya təhlükəsizliyi, ictimai diplomatiya və beynəlxalq kommunikasiya dövlətlərin əsas strateji prioritetlərindən birinə çevrilib. Bu baxımdan parlament fəaliyyəti ilə bağlı operativ, peşəkar və obyektiv məlumatlandırmanın təşkili xüsusi əhəmiyyət daşıyır.

Yeni birlik çərçivəsində parlament jurnalistləri üçün beynəlxalq forumların, təlimlərin, seminarların və media akademiyalarının təşkili nəzərdə tutulur. Eyni zamanda dezinformasiyaya qarşı ortaq media mexanizmlərinin yaradılması da əsas istiqamətlərdən biri olacaq.

Layihəyə əsasən, gələcəkdə “Türk Dünyası Parlament Media Mükafatları” və “Türk Dünyası Parlament Mükafatları”nın təsis edilməsi də planlaşdırılır.

Belə bir platformanın yaradılması türk dövlətləri arasında informasiya inteqrasiyasını sürətləndirəcək, parlament diplomatiyasını gücləndirəcək və türk dünyasının beynəlxalq media məkanında daha güclü təmsil olunmasına mühüm töhfə verəcək.


Telegram kanalımız
Seçilən
3
3
yenisabah.az

4Mənbələr