AZ

İrəvan seçkilərinə Tbilisidən baxış

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qafqaz uğrunda mübarizənin davamı

Ermənistanda parlament seçkilərinə az vaxt qalıb. Bu seçkilər, sadəcə, ölkədaxili siyasi proses deyil, həm də regional əhəmiyyətli hadisədir. Gürcüstanın məsələyə münasibəti göstərir ki, İrəvanın seçəcəyi siyasi kurs yaxın illərdə regionun geosiyasi xəritəsinə təsir göstərəcək.

Faktiki olaraq, qarşıdan gələn səsvermə Ermənistanın gələcək xarici siyasət istiqamətini müəyyənləşdirəcək. Hazırda müzakirələrin mərkəzində bir sual dayanır: İrəvan Qərbə inteqrasiyanı davam etdirəcək, yoxsa Moskva ilə daha sıx əməkdaşlıq modelinə geri dönəcək?

Rusiyanın “Vesti” informasiya portalına müsahibə verən erməni politoloq Viktor Soqomonyan bu seçkiləri “Qafqaz uğrunda mübarizə” kimi xarakterizə edib. Onun fikrincə, parlament seçkilərinin nəticələri bütün Cənubi Qafqazın siyasi mənzərəsinə təsir edəcək. Soqomonyan hesab edir ki, hakimiyyətə müxalifət qüvvələrinin gəlişi ölkənin yenidən Rusiyayönümlü siyasət yürütməsinə rəvac verəcək. Bunun baş verməməsi üçün Avropa İttifaqı hazırkı hakimiyyətə dəstək nümayiş etdirir.

Bu məsələ Gürcüstanda da diqqətlə izlənilir. Tbilisidə yaxşı anlayırlar ki, Ermənistanın xarici siyasət kursundakı hər hansı dəyişiklik regionun təhlükəsizlik balansına, iqtisadi marşrutlara və siyasi münasibətlər sisteminə təsir göstərəcək. Hazırda Ermənistanın xarici dünya ilə iqtisadi və logistik əlaqələrinin böyük hissəsi məhz Gürcüstan üzərindən həyata keçirilir. Bu amil Tbilisinin regiondakı rolunu yalnız siyasi deyil, həm də strateji-iqtisadi baxımdan əhəmiyyətli edir. Ona görə də Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri bu ölkədə diqqət mərkəzindədir. Bununla bağlı tanınmış ekspert Giya Nodiya bildirir ki, İrəvanın Moskva ilə münasibətləri əvvəlki səviyyəyə qaytarmağa çalışması regionda yeni güc balansı formalaşdıracaq. Ermənistanın Qərbə inteqrasiyanı sürətləndirməsi isə Cənubi Qafqazı böyük güclərin rəqabət meydanına çevirmək riskini artıracaq. Ekspert vəziyyəti belə şərh edir: “Region artıq lokal siyasi məkan statusundan çıxıb. Burada Rusiya, Avropa İttifaqı, ABŞ və digər qlobal oyunçuların maraqları toqquşur”. Paşinyanın diplomatiyası isə bu rəqabəti eskalasiyaya çevirmədən, Qərbin iqtisadi və təhlükəsizlik alətlərindən regionda balanslaşdırılmış sülh mühiti yaratmaq üçün istifadə etməyə yönəlib.

Məhz bu səbəbdən Gürcüstan rəsmi olaraq Ermənistandakı siyasi proseslərə münasibətdə maksimum ehtiyatlı xətt tutub. Baş nazir İrakli Kobaxidze və parlament sədri Şalva Papuaşvili indiyədək Ermənistandakı seçki prosesi ilə bağlı mövqe nümayiş etdirməyiblər. Digər tərəfdən, Bidzina İvanişvili xəttinə yaxın və daha mühafizəkar siyasi dairələr Ermənistanın sürətlə Qərbə yönəlməsinə ehtiyatla yanaşırlar. Bu çevrələr hesab edir ki, regionun geosiyasi reallıqları nəzərə alınmadan atılan addımlar Cənubi Qafqazda yeni təhlükəsizlik riskləri yarada bilər.

Bununla belə, Gürcüstan rəhbərliyi üçün əsas prioritet regionda sabitliyin qorunmasıdır. Tbilisidə yaxşı anlayırlar ki, İrəvanda baş verə biləcək mümkün siyasi böhran, küçə etirazları və ya seçkisonrası qarşıdurma Cənubi Qafqazda yeni gərginlik dalğası yaradacaq. Bu baxımdan, Nikol Paşinyan hökumətinin daxili sabitliyi qorumaq və sülh prosesini başa çatdırmaq istiqamətindəki səyləri regional təhlükəsizlik baxımından mühüm faktor kimi qiymətləndirilir.

Şübhəsiz ki, bu risklər Gürcüstan üçün strateji əhəmiyyət daşıyır. Çünki regionda baş verən istənilən siyasi sarsıntı, ilk növbədə, iqtisadi layihələrə və ümumi təhlükəsizlik mühitinə təsir göstərir. Gürcü mediası və ekspert dairələrində tez-tez qeyd olunur ki, Ermənistandakı daxili qeyri-sabitlik investisiya mühitinə, tranzit daşımalarına və beynəlxalq tərəfdaşların Cənubi Qafqaza münasibətinə mənfi təsir göstərə bilər. Xüsusilə Orta Dəhliz layihəsinin aktuallaşdığı dövrdə Tbilisi regionda yeni gərginlik ocaqlarının yaranmasını öz maraqlarına birbaşa risk kimi qiymətləndirir. Bundan başqa, Gürcüstan hakimiyyəti anlayır ki, Ermənistanda baş verən proseslər ölkənin daxili siyasi mühitinə təsirsiz ötüşmür. Samtsxe–Cavaxeti bölgəsində məskunlaşan erməni icmasının Ermənistandakı hadisələrə həssas yanaşması Tbilisidə daim diqqət mərkəzində saxlanılır. Bu səbəbdən Gürcüstan rəhbərliyi İrəvanla münasibətlərdə balanslı və neytral xətti qorumağa önəm verir. Paşinyan hökumətinin regional sülhün qorunması naminə qonşularla ərazi iddialarından imtina etməsi və sərhədlərin delimitasiyası prosesini irəli aparması Gürcüstanda da müsbət qiymətləndirilir. Sabitliyə xidmət etdiyi bildirilir.

***

Gürcüstan müxalifəti isə iqtidardan fərqli olaraq proseslərdə açıq tərəf tutur. Xüsusilə qərbyönlü siyasi və intellektual çevrələr Paşinyanın yürütdüyü xətti müsbət qiymətləndirirlər. Onların fikrincə, hazırkı hökumətin hakimiyyətdə qalması Ermənistanın Avropa strukturlarına inteqrasiyasını sürətləndirə, regionda Rusiyanın rıçaqlarını zəiflədə və Cənubi Qafqazda yeni iqtisadi-siyasi tərəfdaşlıq modelinin formalaşmasına şərait yaradar. Hesab edirlər ki, son illər Ermənistanın xarici siyasətdə daha balanslı və çoxşaxəli kurs yürütməyə çalışması regionda yeni geosiyasi reallıq yaradıb.

Bu yanaşmaya görə, İrəvanın Qərbə açılması təkcə Ermənistan üçün deyil, bütövlükdə, Cənubi Qafqaz üçün yeni imkanlar deməkdir. Əgər Ermənistan Avropa ilə əlaqələrini dərinləşdirərsə, region beynəlxalq layihələr, investisiyalar və nəqliyyat-kommunikasiya təşəbbüsləri baxımından daha cəlbedici məkana çevrilə bilər. Bu baxışı müdafiə edən siyasətçilər arasında Salome Zurabişvili, Mamuka Xazaradze və Giorgi Qaxariya kimi siyasətçilər də var. Onlar çıxışlarında dəfələrlə vurğulayıblar ki, Cənubi Qafqazın gələcəyi region ölkələrinin Avropa siyasi və iqtisadi məkanına inteqrasiyasından keçir. Bu siyasətçilərin fikrincə, Ermənistanın Qərblə yaxınlaşması regionun beynəlxalq inteqrasiyasını gücləndirər, yeni təhlükəsizlik mexanizmlərinin formalaşmasına təkan verər, investisiyaları artırar.

Göründüyü kimi, Gürcüstanda Ermənistan seçkilərinə münasibət ikili xarakter daşıyır. Bir tərəfdə Ermənistanın Qərbə inteqrasiyasının region üçün yeni iqtisadi imkanlar, tranzit layihələrinin genişlənməsi və beynəlxalq investisiyaların artması baxımından müsbət nəticələr verə biləcəyi bildirilir. Digər tərəfdə isə Rusiya–Qərb qarşıdurmasının dərinləşməsi fonunda Cənubi Qafqazda yeni təhlükəsizlik risklərinin yaranması ehtimalı diqqət mərkəzində saxlanılır. Bununla belə, hər iki yanaşmanı birləşdirən xətt ondan ibarətdir ki, Ermənistan seçkiləri artıq yalnız daxili siyasi proses kimi qəbul edilmir. Bu seçkilər bölgədə qüvvələr balansının yenidən formalaşması, yeni geosiyasi konfiqurasiyaların yaranması və Cənubi Qafqazın beynəlxalq sistemdə rolunun dəyişməsi baxımından strateji əhəmiyyət daşıyır.

Beləliklə, Tbilisidə üstünlük təşkil edən yanaşma praqmatik və ehtiyatlıdır: əsas prioritet regionda sabitliyin qorunması, iqtisadi və tranzit layihələrin davamlılığı və Cənubi Qafqazın böyük güclərin rəqabət meydanına çevrilməsinin qarşısının alınmasıdır. Bu baxımdan Ermənistan seçkiləri təkcə siyasi hadisə deyil, regionun gələcək inkişaf trayektoriyasını müəyyən edə biləcək mühüm dönüş nöqtəsi kimi dəyərləndirilir.

Pünhan ƏFƏNDİYEVXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
55
1
xalqqazeti.az

2Mənbələr