Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Paşinyan “eks”ləri ağ yuyub, qara sərir
“Biz sülhü düşüncə tərzinə çevirməliyik. Sülh hərbi əməliyyatların sadəcə təxirə salınması deyil, müharibə səbəblərinin aradan qalxması olmalıdır”. Bu fikri Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş sazişi” partiyasının deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən şəxs kimi bildirib. Paytaxt İrəvanda seçkiqabağı təşviqat kampaniyası çərçivəsindəki görüş zamanı vurğunu Ermənistanın eks rəhbərlərinin tənqidi üzərinə qoymuş Nikolun başlıca hədəfi ölkənin birinci prezidenti Levon Ter-Petrosyan olub.
N.Paşinyan bildirib ki, eks prezidentlər L.Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan çiyin-çiyinə dayanaraq hakimiyyətimizə qarşı dövləti müdafiə etmələri barədə mistik hekayə uydurublar. “Levon Ter-Petrosyanın reytinqinin mənfi 25-ə düşməsinin səbəbi də budur. Bu, xalqın prinsipsizliyə və iradəsizliyə münasibətidir”, – deyə Nikol vurğulayıb. O, həmçinin postsovet məkanının ən ziddiyyətli erməni siyasi xadimlərindən olan sabiq daxili işlər naziri Vano Siradegyanın “çox oxuyub, amma az anlayan” sözlərinin məhz Levona ünvanlandığını bildirib. Bu mənada, Paşinyanın R.Koçaryana ünvanladığı atmaca daha tutarlıdır. Hərçənd, Nikolun Robertlə söz davasını daha çox birincinin ikinciyə cavabı kimi də qiymətləndirmək olar. Paşinyan Koçaryanın ona münasibətdə işlətdiyi “hambal” sözünə “Robert+Koçaryan=hambal” şəklində qarşılıq verib.
Əlqərəz, “hambal” söhbətini bir kənara qoyub bildirək ki, N.Paşinyan 2008-ci il hadisələri zamanı öz silahdaşı olmuş L.Ter-Petrosyanın siyasətini “şərəfsizlik” adlandırıb. O, habelə, sülhün institusionallaşdırılmasına ehtiyacın duyulduğunu, sərhədlərin delimitasiyasının aparılmalı və onların açılmalı olduğunu bir daha təkrarlayaraq, əvvəldə diqqətə çatdırdığımız fikri dilə gətirib.
Qeyd edək ki, Paşinyan Ter-Petrosyanı ötən aykı açıqlamasında da hədəfə almışdı. Əslində, onun Levon haqqında söylədiyi fikirlər ikincini aşağılamaqdan başqa bir şey deyil. Məsələn, Paşinyan apreldə demişdi ki, Ter-Petrosyan Daşnaksütyun partiyasının ən saf nümayəndəsidir. Hərçənd, Levon heç vaxt bu qurumun üzvü olmayıb və şübhəsiz, Nikol bundan xəbərdardır. Elə isə Baş nazirin demək istədiyi nə idi? Paşinyan, faktiki olaraq, Levonun daşnaklar üçün alətə çevrilməsinə eyham vurmuş, buna görə birinci prezidentin hazırda rəhbərlik etdiyi Erməni Milli Konqresinin qarşıdakı seçkilərdə, ümumiyyətlə, heç bir şansının olmadığını demişdi. Təxminən belə: Ter-Petrosyan saf davranıb daşnakların Qarabağ avantürasına getməklə, hazırkı Ermənistan reallığındakı siyasi mübarizə şansını tamamilə itirib.
Digər tərəfdən, Nikol müəllimi olmuş Levona ona görə “saf” demişdi ki, ikincinin daşnak oyunbazlığına uyub reallığı gec dərk etməsi peşəkar siyasətçi üçün əsl faciə mahiyyəti daşıyan durumdur. Təsəvvür edin, bir ideologiyaya inanıb onu özünə həyat amalı seçirsən, sonra inandıqlarının cəfəng mahiyyəti, əslində, kiminsə diktəsi olduğu üzə çıxır. Ortada faciədən də betər, əsl fəlakət var və bu fəlakət təkcə Ter-Petrosyanın yox, ümumən, müstəqillik dövrü Ermənistanının siyasi və ictimai industriyasının miskin və rəzil yaşantısıdır.
Nikolun “mistik hekayə” məntiqi də Qarabağ avantürasıdır. O avantüra ki, L.Ter-Petrosyanlı, Robert Koçaryanlı və Serj Sarkisyanlı Ermənistan üçün dövlət ideologiyası halına gəlmişdi. Bu üçlükdən qəflət yuxusundan ayılanın məhz Ter-Petrosyan olduğunu deyə bilərik. Ona görə ayıldı ki, ulu öndər Heydər Əliyevin beynəlxalq miqyasdakı mahir və cəsarətli diplomatik gedişləri sayəsində çarəsiz duruma düşdü. Ancaq Levon Qarabağ qalibiyyətinin eyforiyasını yaşayan hay toplumuna həqiqətləri çılpaqlığı ilə deyə bilmədi, çarəni istefa verməkdə gördü. Paşinyan məhz bu istefanı “prinsipsizlik” adlandırır və onu haqlı saymaq mümkündür.
Bəli, “Qarabağ hərəkatı”nın ideoloqlarından sayılan L.Ter-Petrosyan istefa verib hakimiyyətin “Qarabağ klanı” deyilən quldur qruplaşmanın təmsilçisi olan Robert Koçaryana keçməsinə şərait yaratmaqla ən böyük prinsipsizliyi etdi. Elə bir prinsipsizlik ki, Ermənistanı bir dövlət kimi inkişafdan uzaq saldı. Elə bir prinsipsizlik ki, avantüranın dərinləşməsinə şərait yaratdı və beləliklə, tipik erməni xəstəliyinin xroniki hala keçməsini təmin etdi.
Bu gün də hay cəmiyyəti xəstəlikdən qurtula bilmir. Görünən budur ki, Paşinyan qarşıdan gələn parlament seçkilərinin kampaniya dövründə təkcə təbliğat aparmır, eyni zamanda, qapı-qapı düşərək, obrazlı desək, ermənilərə mərəz əleyhinə peyvənd vurur. “Peyvəndin” təsiri olacaqmı, bunu iyunun 7-də, yəni seçki günü görəcəyik.
Yada salaq ki, Paşinyan ötən aykı açıqlamalarının birində “keçmişləri siyasi həyatdan qovmaq” kimi ritorika da səsləndirmişdi. Onun hazırda bildirdikləri, böyük ölçüdə, əvvəl dediyinin davamıdır. Tam əminliklə demək olar ki, Ermənistan və erməni xalqı sülhü düşüncə tərzinə çevirmək istəyirsə, koçaryanlara, sarkisyanlara və barışı hərbi əməliyyatların təxirə salınması qismində görən digər avantüristlərə “yox” deməyi bacarmalıdır. Sülh, Paşinyanın təbirincə desək, müharibə səbəblərinin də aradan qalxması olmalıdırsa, deməli, keçmişin münaqişə təşəbbüskarları tarixin zibilliyinə göndərilməlidir. Nikol və tərəfdarlarının 7 iyun parlament seçkiləri xüsusunda apardıqları təbliğatın məğzini təşkil edən həm də budur.
Ə.RÜSTƏMOVXQ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.