AZ

Naxçıvanda Heydər Əliyev Kuboku uğrunda futzal turnirinin açılış mərasimi keçirilib

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib.

525.az xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov ümummilli lider Heydər Əliyevin Azərbaycanda idmanın inkişafı istiqamətində həyata keçirdiyi siyasətin ölkədə güclü idman ənənələrinin formalaşmasına mühüm töhfə verdiyini bildirib. Qeyd olunub ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə idman infrastrukturunun genişləndirilməsi, gənclərin idmana cəlbi və beynəlxalq arenada əldə olunan nailiyyətlər bunun bariz nümunəsidir. Məcid Seyidov ulu öndərin əziz xatirəsinin daim ehtiramla yad edildiyini vurğulayaraq, turnirin dövlət qurumları arasında əməkdaşlığın möhkəmləndirilməsi, sağlam həyat tərzinin təşviqi və idmanda kütləviliyin artırılması baxımından əhəmiyyətini diqqətə çatdırıb, komandalara uğurlar arzulayıb.

Naxçıvan Futbol Federasiyasının (NFF) baş katibi Raqif Abbasov isə çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan idmanına və futboluna göstərdiyi xüsusi diqqətdən danışıb. Bildirilib ki, ölkədə idmanın inkişafı istiqamətində əsası qoyulan ənənələr bu gün uğurla davam etdirilir. Yarışın həm idman əlaqələrinin gücləndirilməsi, həm də sağlam rəqabət mühitinin formalaşdırılması baxımından önəmli olduğu vurğulanıb, komandalara uğurlar arzulanıb.

Yarışın ilk matçında Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Naxçıvan Televiziya və Radio Verilişləri QSC-ni təmsil edən komandalar meydanda olub. Görüş teleradio təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası (AFFA) və NFF tərəfindən birgə təşkil olunan və 20 komandanın iştirak etdiyi ənənəvi yarış mayın 27-də yekunlaşacaq. Turnirin oyunları İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək.

Yarışda ilk üç yeri tutacaq komandalara diplom, medal və hədiyyələr, o cümlədən qalib komandaya baş mükafat – "Heydər Əliyev Kuboku" təqdim olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
4
525.az

5Mənbələr