AZ

Vücudunun məzarından qalxan ruh

Lev Tolstoyun “Dirilmə” romanı haqqında

əvvəli ötən saylarımızda

Son varianta hazırlıq görmək üçün Nexlyudov ata mülkü olan kəndlərə səfərə çıxır - orada mujiklərlə münasibətləri yenidən tənzimləmək, təsərrüfat işlərini kəndlilərə sərfəli şərtlərlə qaydasına qoymaq lazımdır. Kənddə Nexlyudov, əlbəttə, Tolstoyun torpaq islahatlarıyla bağlı ideyalarını qismən həyata keçirməyə çalışır, təbii sərvətlər üzərində xüsusi mülkiyyəti haram sayan yazıçını sosial arzularına, ictimai ideallarına bir az da yaxınlaşdırır. Ta gəncliyindən Herbert Spenser, Henri Corc kimi sosial mütəfəkkirlərin ictimai-iqtisadi nəzəriyyələrinin təsiri altında olmuş knyaz Dmitri onlardan öyrəndiklərini öz torpaqlarında, təsərrüfatlarında tətbiq eləməyi arzulayır. Kəndlilərin xeyrinə apardığı islahatlar nəticəsində knyaz Nexlyudovun gəliri yarıbayarı azalsa da, o yenə vicdanını kiridə bilmir, başqalarının əməyini istismar elədiyinə görə xəcalət çəkir.

Kəndə səfərindən sonra Nexlyudovun içində indiyəcən yaşadığı mühitə ikrah hissi baş qaldırır. Bu təşəxxüslü kübar adamlar sadə insanların çəkdiyi müsibətlərdən xəbərsiz necə də arın-arxayın, necə rahat, necə harın yaşayırlar. Milyonlarla ac zəhmətkeş bir qrup müftəxoru yemləməkdən ötrü olmazın zülmə qatlaşır, onlarsa bu yazıqların yarasının yerini də bilmirlər.

Peterburqda knyazın işi bir az da artır, Maslovaya görə kassasiya prosesinə hazırlaşmaqla yanaşı Nexlyudov ona Katyuşa vasitəsiylə yol tapmış, katorqaya göndərilməsi nəzərdə tutulmuş bir neçə siyasi məhbusun, üstəlik, rəsmi doktrinadan qırağa çıxıb İncili istədikləri kimi yozmaqda suçlanan, yurdundan didərgin salınıb Qafqaza sürüləsi bir qrup sekta üzvünün işləriylə də məşğul olur. Artıq knyaz Nexlyudovun mənəviyyat cəngavərinə, haqq-ədalət mücahidinə çevrilməyindən ötrü hər cür şərait də, sifariş də var, indi onun həyatı gerçək məna, ilahi məzmun daşımağa başlayıb.

***

Paytaxtda o, deyilən işlərdən ötrü bir çox yüksək səlahiyyətli şəxsin yanına ayaq döyür, boynuna düşən vəzifəni yarıtmaq üçün əlindən gələni əsirgəmir. Arada yenə içinə şeytani vəsvəsə dolur, bir səs ona deyir ki, bütün bunlar sənin görməli olduğun işlər deyil, dustaqlara kömək üçün göstərdiyin canfəşanlıq da, Katyuşayla evlənmək istəməyin də, kəndlilərə can yandırmağın da - hamısı, hamısı saxtadır, sünidir, təbiilikdən uzaqdır; sənin vəzifən, missiyan bir başqadır, nə qədər gec deyil, qayıt öz yoluna, əvvəlki həyatına, onsuz da bu yolu sonacan gedə bilməyəcəksən... Nexlyudov şeytanın şərindən qəlbinin nuruyla pası yuyulmuş ağlına sığındıqca anlayır ki, indi getdiyi bu yol onu aydınlığa çıxarası, onu yaşadası yeganə yoldur; əvvəlki həyata qayıdış isə onun mənəvi iflası, ölümü demək olacaq.

Moskvaya qayıdanda Maslovaya xəbər verir ki, senat məhkəmənin qərarını təsdiqlədi, yəni onun Sibirə sürülməsi artıq labüddür. Amma Katyuşa heç ürəyini sıxmasın, hara getsə, knyaz Dmitri onun ardınca gələcək. Göründüyü kimi, süjetin sonu “Cinayət və cəza”nın finalına bənzəyir, fərq yalnız bundadır ki, orada bədnam olunmuş qadın günahkar kişinin - Sonya Raskolnikovun, burada isə suçlu kişi namusu tapdalanmış qadının - Nexlyudov Katyuşanın ardınca könüllü sürgünə gedir.

Bu aralar Katya Nexlyudovu yenidən sevməyə başlayır, hissini gizlətsə də, onun bəyənmədiyi, daha doğrusu, bəyənməyəcəyini düşündüyü (çünki knyaz ona nəyisə irad tutmağı ağlına belə gətirmir, qadını dəyişmək üçün ilk növbədə özünü dəyişməli olduğunu yaxşı anlayır) vərdişlərini tərgidir - şərab içmir, papiros çəkmir, kişilərə naz satmır, Moskvada yatdığı müddətdə knyazın təşəbbüsüylə xəstəxanada müvəqqəti qulluğa girir. Evlənməklə bağlı isə fikri qətidir; ona görə yox ki, sözündən dönmək onun şəstinə toxunur, ona görə ki, Nexlyudova ərə gedərsə, onu bədbəxt eləyəcəyini sövq-təbii başa düşür. Onu da deyim ki, romanın ilkin variantında yazıçı onları evləndirib İngiltərəyə göndərməyi nəzərdə tutsa da, sonra fikrindən daşınıb sonluğu dəyişmişdi. Həqiqətən, elə bir bayağı final bu romana heç yaraşmazdı, Lev Nikolayeviçin qüdrətli fəhmi bunu vaxtında duymuşdu.

Maslovanı əvvəlcə Sibirə sürülən qatı cinayətkarların dəstəsinə qatırlar, sonra Nexlyudovun səyi nəticəsində onu oradan ayırıb siyasi dustaqlara qoşurlar. Bu yerdəyişmə Katyuşanın vəziyyətini xeyli yüngülləşdirir, çünki siyasi məhbuslara münasibət də, onların yerləşdirilməsi, qidalandırılması da adi dustaqlara baxmış xeyli yaxşıdır. Üstəlik, yeni dəstəyə qoşulandan Katyuşanın gözləri də açılır, savadlı, müdrik, çoxbilmiş insanlardan başına gələnlərin mənasını öyrənməyə başlayır. Bütün çətinliklərə baxmayaraq indiki həyatı Maslovanın ürəyincədir, çünki bu həyat onun illər boyu heçə-puça xərclənmiş, ayaqlar altına atılmış ömrünə hansısa məna qazandırmağa başlayıb. Onu yeni aləmə aparan bələdçiləri Mariya Şetinina, Vladimir Simonson adlı siyasi məhbuslardır. Çox keçməmiş Katyuşa Simonsonun ona vurulduğunu hiss eləyir, belə bir qeyri-adi şəxsiyyətin onu öz sevgisinə layiq bilməsi qadının özünə hörmətini artırır, bu etimadı doğrultmaq üçün əlindən gəldiyi qədər yaxşı olmağa çalışır.

***

Bu ara Nexlyudov Peterburqdan xoş xəbər alır: Maslova əfv olunub, cəzası yüngülləşdirilib, ağır katorqa əməyi Sibirdə məskunlaşmayla əvəzlənib. Nexlyudov Katyuşanı müjdələyib deyir ki, indi artıq özlərinə yaşamaq üçün məskən seçə bilərlər, fəqət Katyuşa onunla qalmaqdan inadla imtina eləyir. İndiyədək sevdiyi yeganə kişi knyaz Dmitri olsa da, Maslova Nexlyudovun mərhəmət duyğusunu, borc hissini bundan artıq istismar eləyib onu özünün ömürlük qurbanına çevirmək istəmir. O, Simonsona qoşulub Yakutiya vilayətində sərt sürgün həyatı yaşayacaq, çox güman, gələcəkdə alovlu inqilabçı olacaq, sinfi mübarizədə Nexlyudova düşmən cəbhədə yer tutacaq.

Bəs Nexlyudov özü necə, anadangəlmə təmsil olunduğu cəbhədə qalacaqmı? Hələ ki, o yalnız özüylə tək qalmaq haqda düşünür, yerli mehmanxanadakı otağına çəkilib ingilis səyyahının bağışladığı İncili açıb oxumağa başlayır. Nexlyudovun yuxusu ərşə çəkilir, bütün gecəni həyəcanla otaqda var-gəl eləyir. Müqəddəs kitabın ayələri bu dəfə onun qarşısına tamam yeni mənalarla, yeni hikmətlərlə çıxır, bu mənalar, hikmətlər onu təzə bir aləmə, indiyəcən görmədiyi bir dünyaya səsləyir:

“Bu gecədən Nexlyudov üçün tamam yeni həyat başlandı; təkcə ona görə yox ki, o, yeni həyat şəraitinə qədəm qoyurdu, ona görə ki, bu andan etibarən başına gələnlər ondan ötrü əvvəllər olduğundan tam fərqli bir məna kəsb eləyirdi. Onun həyatındakı bu yeni dövrün nəylə bitəcəyini gələcək göstərəcək”.

davamı növbəti sayımızda

F.Uğurlu

Seçilən
28
yeniazerbaycan.com

1Mənbələr