ain.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
İzlənilən proseslərdən o qənaət hasil olur ki, Ermənistanda iyunun 7-nə təyin olunan növbəti parlament seçkiləri sakit məcrada keçməyəcək. Artıq namizədlər paytaxtda və regionlarda müxtəlif tədbirlərə, görüşlərə qatılmaqla öz mövqelərini, ideyalarını, ölkənin perspektivləri ilə bağlı strateji planlarını açıqlayırlar.
Adətən, seçki prosesinin bu mərhələsində marafona qatılan namizədlər cəmiyyətə gen-bol sosial vədlər verməklə rəqiblərindən önə keçməyə çalışırlar. Əlbəttə, Ermənistanda da seçkiqabağı təbliğat-təşviqat kampaniyası sosial vədlərsiz ötüşmür. Lakin aydın görünür ki, bu, əsas məqam deyil. Əsas məqam ondan ibarətdir ki, hakim komandanın və müxalifətin seçki blokları iyunun 7-nə sülh və müharibə gündəliyindən çıxış etməklə gedirlər. Beləliklə, Ermənistan çətin seçim qarşısındadır. Sual isə belədir: Cəmiyyət seçkilərdə sülh, yoxsa müharibə partiyasına “hə” deyəcək?
Hakim komandanın mövqeyi - utopiyadan “Real Ermənistan” hədəfinə doğru
Məlumdur ki, Ermənistan cəmiyyəti uzun illər ərzində dənizdən-dənizə “Böyük Ermənistan” xülyasının əsirliyində qalıb. Əsasən nifaq yuvası sayılan kilsədən qaynaqlanan bu çürük ideya ilə “silahlanan” ermənilərin bir neçə nəsli qonşulara - Türkiyəyə və Azərbaycana nifrət, qisasçılıq ruhunda böyüyüb. Bu zəmində otuz illik müharibə baş verib. Birinci Qarabağ müharibəsində maraqlı qüvvələrin, xaricdəki güc mərkəzlərinin havadarlığı ilə qazanılan uğurlar erməniləri “milli ideya” uğrunda daha geniş mübarizəyə ruhlandırıb. Ancaq İkinci Qarabağ müharibəsi Ermənistan cəmiyyətinə ağır zərbə oldu, məğlubiyyət xəyallarını suya salıb əritdi.
Artıq gec də olsa Ermənistan cəmiyyətinin müəyyən kəsimi, o cümlədən də Nikol Paşinyan hökuməti indi Azərbaycanın gücü və iradəsi ilə formalaşan reallığı düzgün dəyərləndirir. Baş nazir müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında dəfələrlə zamanında özünün də bədnam “artsax ideyası”na inandığını açıq şəkildə dilə gətirib. İndi isə o, mövqeyini dəyişib və seçkilərə də utopiyadan, miflərdən uzaqlaşaraq “Real Ermənistan” hədəfi ilə gedir. Reallıqları dərk edən N.Paşinyan həyəcan təbili çalaraq bildirir ki, qonşulara qarşı ədavətin, ərazi iddialarının davam etdirilməsi real Ermənistan üçün ciddi təhlükədir. Bu yol hətta Ermənistanın süqutuna, dövlətçiliyin itirilməsinədək uzana bilər. Seçicilər də bunu düzgün dəyərləndirməlidirlər. Baş nazir “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” etirafını dilə gətirməklə yaxın və uzaq xaricdəki maraqlı güc mərkəzlərini, daxildəki revanşistləri əməlli-başlı qəzəbləndirib. Bu günlərdə isə o, daha bir açıqlaması ilə gündəmə gəlib: “Qarabağ heç vaxt Ermənistanın olmayıb”. Torpaqlar orada buğda əkən bir neçə generalın inhisarında qalıb, onların maraqları təmin olunsun deyə ədavət qızışdırılıb, sadə ermənilərin övladları isə həyatlarını qurban veriblər.
Nikol Paşinyan ölkə vətəndaşlarına xitab edərək bildirir ki, siz seçkilərdə onun və “Vətəndaş Müqaviləsi” partiyasının digər təmsilçilərinin namizədliyini dəstəkləməklə regionda müharibə səhifəsinin bağlanmasına, davamlı sülhün təmin olunmasına səs vermiş olacaqsınız. “Vətəndaş Müqaviləsi” partiyasının elan olunmuş seçki proqramının leytmotivi də sülhdür. Xalqa müraciətində partiyasının seçki proqramının əsas ideyasından bəhs edən N.Paşinyan “İyunun 7-də keçiriləcək parlament seçkilərində sizinlə birlikdə bir vəzifəmiz var: sülhü qoruyub saxlamalıyıq, o yenidir, körpədir, hələ də həssasdır, gündəlik qayğımıza ehtiyacı var. İyunun 7-də seçki məntəqəsinə gedin və “Vətəndaş Müqaviləsi” partiyasına səs verərək sülhü qoruyun”, - deyə bildirib.
Müharibə partiyasının manipulyasiyaları - yeni eskalasiya riskləri yarana bilər
Hakim “Vətəndaş Müqaviləsi” partiyasının sülh gündəliyinə rəğmən, müharibə partiyası manipulyasiyalarla diqqət mərkəzində olmağa çalışır. Bunu indiki mərhələdə revanşistlərin əsas ideoloqları qismində çıxış edən sabiq prezident Robert Köçəryanın və Rusiyadan məqsədli şəkildə Ermənistana təşrif gətirmiş iş adamı Samvel Karapetyanın seçkiqabağı təşviqat kampaniyasında səsləndirdikləri fikirlərdən də görmək mümkündür. Robert Köçəryan Ermənistana rəhbərlik etdiyi dönəmdə münaqişənin sonuclanmasına imkan verməyib, hər vəchlə çalışıb ki, danışıqlar nəticəsiz qalsın. İkinci Qarabağ müharibəsindən sonra R.Köçəryan açıq şəkildə revanşist çağırışlar edirdi. Seçkiqabağı dönəmdə isə o, Ermənistan cəmiyyətinin yeni bir müharibəyə köklənmədiyinin fərqindədir və buna görə də açıq şəkildə radikal revanşist çağırışlar etməkdən çəkinir. Bununla belə, onun seçicilərlə son günlərdə keçirdiyi görüşlərdə dilə gətirdiyi iddiaların ötən ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların, bütövlükdə sülh prosesinin zədələnməsinə hesablandığını görməmək mümkün deyil. O, Ağ Evdə paraflanan sülh sazişində Ermənistan üçün təhlükəsizlik təminatlarının verilmədiyi kimi iddiadan çıxış edir və hakimiyyətə gələcəyi təqdirdə buna nail olacağını bildirir. Absurd və qərəzli iddiadır. Vaşinqtonda əldə olunan razılaşmalara əsasən hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyır və burada hansısa bir nonsesə ehtiyac yoxdur.
Müharibə partiyasının ən alovlu təmsilçilərindən olan sabiq prezident, həmçinin seçicilər önündə Vaşiqtonda Zəngəzur dəhlizi (TRIPP marşrutu) ilə bağlı əldə olunan razılaşmalara da narazılığını ifadə edib. Otuz il ərzində bağlı qalan kommunikasiyaların blokadadan çıxarılması sülh prosesinin mühüm istiqamətlərindən biridir. Bu layihə bütün region ölkələri, o cümlədən də Ermənistanın özü üçün faydalıdır. R.Köçəryan isə iddia edir ki, layihə indiki şərtlər daxilində Ermənistan üçün faydalı deyil. “Bəlkə də, qaytardılar” xülyası ilə yaşayan sabiq prezident nə istəyir? O, özündə dünyanın bir nömrəli ofisi sayılan Ağ Evdə Donald Trampın şahidliyi ilə əldə olunan mühüm razılaşmaya etiraz etmək cəsarətini haradan tapıb, görəsən? Bəlkə, ona bu cəsarəti bağlı olduğu digər mərkəzlərdən və dairələrdən gələn tezis və tapşırıqlar verir?
Eyni zamanda, R. Köçəryan bildirib ki, indiki hakimiyyətin apardığı siyasətin nəticəsi olaraq Ermənistan geosiyasi alətə çevrilmək riski ilə üz-üzədir. Yenə də sual yaranır: Məgər Ermənistan R.Köçəryanın prezidentliyi dönəmində digər bir qütbün, digər bir güc mərkəzinin geosiyasi aləti qismində çıxış etmirdimi?
Müharibə partiyasının digər təmsilçisi Samvel Karapetyan da eyni mərkəzə bağlı olan fiqurdur və o daha iddialı davranışlar sərgiləyir. Yaratdığı “Güclü Ermənistan” blokunun seçkiləri udacağına əminliyini ifadə edən S.Karapetyan indidən “Mən baş nazir olacağam” deyir. S.Karapetyanın bu iddiasının əsaslı olub-olmadığı, onun tərəfdarlarının qapı-qapı düşüb ailələrə müəyyən məbləğlərdə vəsaitlər ödəmələri və onların səslərini pulla almağa çalışmaları məsələnin başqa tərəfidir. İş ondadır ki, “Güclü Ermənistan” blokunun təbliğat-təşviqat kampaniyası da revanşist mövqeyə əsaslanır. Başqa sözlə desək, R.Köçəryan kimi, S.Karapetyan da cəmiyyətin böyük ölçüdə anti-müharibə ovqatını nəzərə almaqla birbaşa müharibəyə çağırış etməsə də, yeni eskalasiyanın mümkünlüyü ehtimalını da gündəmdə saxlamağa çalışır. S.Karapetyan özünü milli təəssübkeş qiyafəsində təqdim etməklə 2023-cü ildə Qarabağdan Ermənistana könüllü köç etmiş ermənilərin hansısa bir mərhələdə geri qaytarılması, həmçinin Bakıda hüquqi müstəvidə məsuliyyətə cəlb olunan separatçıların azadlığa buraxılması məsələlərini siyasi gündəmdə saxlamağa çalışır. Ermənistanın indiki hakimiyyəti tərəfindən də müzakirələri məqsədəuyğun sayılmayan bu kimi məsələlərin yenidən siyasi gündəmə gətirlməsi əslində sülh prosesinin qapadılması anlamına gəlir ki, bu da S.Karapetyanın, R.Köçəryanın bağlı olduğu dairlərin istəyidir.
Ermənistan cəmiyyətinin üzərinə düşən böyük məsuliyyət - seçim düzgün edilməlidir
Sülh partiyası ilə müharibə partiyasının qarşı-qarşıya dayandığı indiki mərhələdə Ermənistan cəmiyyətinin üzərinə böyük məsuliyyət düşür. Hazırda regionda bərqərar olan sülh quruculuğu prosesi məhz qalib Azərbaycanın böyük səyləri sayəsində müəyyən mərhələyədək irəliləyib və Ermənistan cəmiyyəti bunun bəhrəsini görür.
Lakin müharibə partiyasının seçkiləri udacağı və hakimiyyətə gələcəyi təqdirdə keçmişə qayıtmaq, eskalasiya səhifəsinin yenidən açılması perspektivi yaranır. Bunun fəsadlarının nə olacağı bəllidir. Yeri gəlmişkən, Prezident İlham Əliyev bu günlərdə Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşdə Ermənistan cəmiyyətinə mühüm mesaj ünvanlayaraq bildirib: “... Biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq”.
Ermənistan seçiciləri bütün bunların fərqində olmalı və 7 iyunda seçimini düzgün etməlidir. Ermənistan Seçki Araşdırmaları Mərkəzinin (ArmES) hazırladığı sorğunun üçüncü mərhələsinin nəticələrinə əsasən, baş nazir Nikol Paşinyanın fəaliyyətinə dəstək 49 faizə yüksəlib. Seçkiöncəsi mərhələdə Ermənistan cəmiyyətində sülh partiyasının platformasına dəstəyin artması isə özlüyündə çox yaxşı siqnaldır.
Mübariz ABDULLAYEV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.