“XXI əsrin ən mühüm regional transformasiyalarından biri məhz 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda baş verdi. Bu müharibə yalnız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi ilə nəticələnmədi. Eyni zamanda, onilliklər boyu region üzərində qurulmuş geosiyasi balansı, beynəlxalq vasitəçilik adı altında yaradılmış siyasi imitasiya mexanizmlərini və ikili standartlar sistemini də dağıtdı”.
Bunu Ölkə.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
Onun szölərinə görə, uzun illər beynəlxalq hüquq, BMT qətnamələri və sülh danışıqları haqqında danışan böyük güclər əslində status-kvonun qorunmasına xidmət edən siyasət yürüdürdülər. “Ermənistanın işğal siyasəti beynəlxalq hüququn açıq şəkildə pozulması olsa da, ATƏT-in Minsk qrupu münaqişəni həll etmək əvəzinə onu “idarə olunan dondurulmuş münaqişə” formatında saxlamağa çalışırdı. ABŞ, Rusiya və Fransa kimi böyük dövlətlərin həmsədr olduğu bu mexanizm reallıqda diplomatik nəticə yox, siyasi imitasiya istehsal edən platformaya çevrilmişdi”, -o vurğualyıb.
Deputatın fikrincə, ən paradoksal məqam isə ondan ibarət idi ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxmasını tələb edən qətnamələrinin müəllifləri və daimi üzvləri həmin sənədlərin icrasını təmin etmirdilər: “Beynəlxalq hüquq selektiv şəkildə tətbiq olunurdu. Söhbət başqa regionlardan gedəndə ərazi bütövlüyü prinsipi müdafiə edilirdi, Azərbaycan məsələsində isə həmin prinsip illərlə arxa plana atılırdı.
Otuz ilə yaxın müddətdə Azərbaycanın şəhərləri dağıdıldı, yaşayış məntəqələri viran qoyuldu, məscidlər təhqir edildi, qəbiristanlıqlar məhv edildi, tarixi-mədəni irs silinməyə çalışıldı. İşğal edilmiş ərazilərdə qanunsuz məskunlaşma aparılırdı. Lakin beynəlxalq vasitəçilər bütün bunlara ya susur, ya da “balanslı mövqe” adı altında faktiki olaraq işğal siyasətini legitimləşdirən ritorikadan istifadə edirdilər.
Minsk qrupunun illərlə təkrarladığı əsas tezislərdən biri “münaqişənin hərbi həlli yoxdur” fikri idi. Əslində isə Azərbaycana açıq mesaj verilirdi ki, işğalla barışmalı, torpaqlarının itirilməsi ilə razılaşmalıdır. Başqa sözlə, Bakı diplomatik təzyiq yolu ilə siyasi kapitulyasiyaya məcbur edilmək istənirdi. Hətta müəyyən Qərb dairələri işğalın nəticələrinin legitimləşdirilməsi üçün süni siyasi terminologiyalar formalaşdırmağa çalışırdılar. Azərbaycan torpaqlarının işğalı beynəlxalq hüququn pozulması kimi deyil, “mübahisəli məsələ” kimi təqdim olunurdu”.
A.Əlizadə əlavə edib ki, 44 günlük Vətən müharibəsi bütün bu sxemi dağıtdı: “Azərbaycan yalnız hərbi qələbə qazanmadı. Ölkə eyni zamanda beynəlxalq münasibətlər sistemində illərlə qurulmuş riyakarlıq modelini ifşa etdi. Bakı faktiki olaraq BMT qətnamələrini özü icra etdi və bununla da beynəlxalq hüququn kağız üzərində deyil, siyasi iradə və güc hesabına təmin olunduğunu göstərdi.
Bu qələbə həm də postmünaqişə dövründə yeni regional reallığın əsasını qoydu. Prezident İlham Əliyevin müharibədən sonra Minsk qrupunun xidmətlərinə artıq ehtiyac qalmadığını açıq şəkildə bəyan etməsi təsadüfi deyildi. Bu, əslində otuz illik nəticəsiz vasitəçilik sisteminə verilmiş siyasi hökm idi. Çünki artıq regionda yeni güc balansı formalaşmışdı və bu balansın əsas müəllifi Azərbaycan idi.
Məhz buna görə bu gün bəzi Qərb siyasi dairələrinin Azərbaycanın yaratdığı yeni geosiyasi reallığa qarşı narahatlığı açıq hiss olunur. Xüsusilə Fransa regionda ən aqressiv xətt yürüdən ölkələrdən birinə çevrilib. Paris artıq neytral vasitəçi görüntüsünü tamamilə itirib və açıq şəkildə Ermənistanın maraqlarını müdafiə edən siyasət aparır.
Fransanın bu siyasətinin arxasında yalnız “Ermənistana dəstək” məsələsi dayanmır. Burada daha böyük geosiyasi hesablamalar mövcuddur. Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının zəiflədiyi bir dövrdə Paris Ermənistanı regionda özünün siyasi dayağına çevirməyə çalışır. Bu isə klassik neokolonial yanaşmanın yeni forması kimi görünür. Maraqlıdır ki, Fransa Afrikada neokolonial siyasətinə görə ciddi tənqid olunduğu bir dövrdə oxşar metodları indi Cənubi Qafqazda tətbiq etməyə cəhd göstərir.
Emmanuel Makronun Azərbaycanla bağlı ritorikası artıq çoxdan diplomatik obyektivlik çərçivəsini tərk edib. Onun bəyanatlarında emosional və birtərəfli yanaşma açıq hiss olunur. Belə görünür ki, Fransa rəhbərliyi Cənubi Qafqaz mövzusundan həm də daxili siyasi auditoriya üçün istifadə etməyə çalışır. Makronun aşağı düşən reytinqi və Fransadakı sosial-siyasi problemlər fonunda Ermənistan məsələsi müəyyən siyasi PR alətinə çevrilir.
Ermənistanda yerləşdirilmiş Avropa İttifaqı missiyası da regionda yeni geosiyasi rəqabətin elementlərindən biridir. Əgər regionda sülh danışıqları aparılırsa və tərəflər sülhə sadiq olduqlarını bəyan edirlərsə, o zaman Azərbaycan sərhədləri yaxınlığında xarici müşahidə missiyasının yerləşdirilməsinə nə ehtiyac var? Bu sualın cavabı əslində aydındır. Məqsəd sülhü möhkəmləndirmək deyil, Qərbin regionda yeni siyasi və strateji iştirak mexanizmini formalaşdırmaqdır.
belə, postmüharibə dövründə real sülh gündəliyini irəli sürən tərəf məhz Azərbaycan olub. Sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və regional əməkdaşlıq təşəbbüsləri Bakının irəli sürdüyü əsas istiqamətlərdir. Azərbaycan dəfələrlə bəyan edib ki, bölgədə uzunmüddətli sabitlik yalnız qarşılıqlı ərazi bütövlüyünün tanınması və revanşist siyasətdən imtina əsasında mümkündür.
Lakin regionda təhlükəli tendensiyalar da qalmaqdadır. Ermənistanda revanşist qüvvələrin aktivliyi və bəzi xarici dairələrin bu meyilləri stimullaşdırması yeni risklər yaradır. Müharibənin nəticələrinin dəyişdirilə biləcəyi ilə bağlı yaradılan illüziyalar əslində regionu yenidən qarşıdurmaya sürükləyən məsuliyyətsiz siyasətdir. Azərbaycan isə artıq dəfələrlə göstərib ki, öz təhlükəsizliyini və milli maraqlarını müstəqil şəkildə təmin etmək iqtidarındadır.
Bu gün dünya dərin geosiyasi böhranlar mərhələsinə daxil olub. Yaxın Şərqdə gərginliyin artması, enerji bazarlarındakı qeyri-sabitlik, qlobal iqtisadi təlatümlər və xüsusilə Hörmüz boğazı ətrafındakı risklər beynəlxalq sistem üçün ciddi çağırışlar yaradır. Belə bir dövrdə Azərbaycanın geostrateji əhəmiyyəti daha da artır. Ölkə artıq yalnız regional aktor deyil, enerji təhlükəsizliyi, logistika marşrutları və beynəlxalq siyasi dialoq baxımından daha geniş coğrafiyanın əsas mərkəzlərindən birinə çevrilir.
Ən mühüm reallıq isə budur ki, uzun illərdən sonra ilk dəfə Cənubi Qafqazın siyasi gündəliyini xarici güclər deyil, məhz Azərbaycan müəyyən edir. 44 günlük Vətən müharibəsinin yaratdığı əsas geosiyasi nəticə də məhz bundan ibarətdir. Bakı yalnız hərbi qələbə qazanmadı, eyni zamanda regionun siyasi arxitekturasını dəyişdi və yeni güc reallığı formalaşdırdı”.
Mürtəza