AZ

Eynək, linza, yoxsa əməliyyat: doğru seçim hansıdır?

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Son illərdə görmə zəifliyi olan insanların seçim imkanları genişlənib. Artıq bir çoxları yalnız eynəklə kifayətlənmir, həm kontakt linza, həm də lazer əməliyyatını alternativ kimi dəyərləndirir. Xüsusilə estetik görünüş, gündəlik rahatlıq və sürətli həyat tərzi bu seçimlərə marağı artırır. Lakin mütəxəssislər bildirirlər ki, bu qərar emosional və ya sırf şəxsi istəyə əsaslanmamalıdır, burada tibbi göstəricilər həlledici rol oynayır.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında həkim-oftalmoloq Elnarə Məmmədova bildirdi ki, eynək, linza və ya əməliyyat arasında seçim hər pasiyentin vəziyyətinə görə dəyişir və vahid bir qayda yoxdur.

Həkimin sözlərinə görə, lazer əməliyyatı yalnız pasiyentin istəyinə əsasən aparılmır:

"Bunun üçün ilk növbədə göz nömrələrinin stabil olması, buynuz qişanın ölçüsü və ümumi göz sağlamlığının əməliyyata uyğunluğu qiymətləndirilməlidir. Eyni zamanda maddi imkan da bir çox pasiyent üçün qərarverici amillərdən biri kimi çıxış edir. Pasiyentə bütün bu şərtlər uyğun olduqda əməliyyat mümkün hesab olunur".

Oftalmoloq əlavə etdi ki, bəzi insanlar kontakt linzadan istifadə zamanı çətinlik çəkir:

"Linzanı taxıb-çıxarma prosesi bəzən insanlarda narahatlıq yaradır. Bu hallarda daha sadə və təhlükəsiz variant kimi eynək istifadəsi tövsiyə olunur. Digər tərəfdən, estetik görünüşə önəm verən və eynək taxmaq istəməyən şəxslər linza və ya əməliyyata daha çox üstünlük verirlər".

E.Məmmədova qeyd etdi ki, seçim imkanları pasiyentin vəziyyətinə görə dəyişir:

“Əgər lazer əməliyyatı tibbi göstərişlərə və ya maliyyə imkanlarına görə uyğun deyilsə, belə hallarda kontakt linza alternativ kimi nəzərdən keçirilə bilər. Linza bir çox pasiyent üçün gündəlik istifadədə daha rahat və praktik seçim sayılır.”

Sonda həkim vurğuladı ki, düzgün seçim üçün ən vacib mərhələ peşəkar oftalmoloji müayinədən keçməkdir: 

“Yalnız bundan sonra pasiyentin göz göstəriciləri, həyat tərzi və imkanları nəzərə alınaraq ən uyğun variant müəyyənləşdirilə bilər".

Aydan İSAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
redaktor.az

2Mənbələr