AZ

IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edib

IDEA İctimai Birliyinin təşəbbüsü ilə Kür çayının sahilində və Xəzər dənizinə qovuşduğu ərazidə ənənəvi təmizlik aksiyası təşkil olunub. Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin dəstəyi ilə Neftçala rayonu ərazisində keçirilən aksiyada IDEA könüllüləri iştirak ediblər.

BAKU.WS xəbər verir ki, sanitar normalara uyğun ləvazimatlar və xüsusi qayıqlarla təchiz olunmuş könüllülər Kür çayı və onun sahillərini müxtəlif məişət tullantıları və balıqların kütləvi tələfinə səbəb olan sintetik balıqçılıq torlarından və balıqların təbii mühitdə inkişafının qarşısını alan, kustar üsulla hazırlanmış, istifadəsi qanunla qadağan edilmiş digər alətlərdən təmizləyiblər. Nəticədə bir tona yaxın tullantı toplanaraq Neftçala rayonunun tullantılar poliqonuna təhvil verilib.

Çaylara atılan məişət və sənaye tullantılarının artması Kür çayı və Xəzər dənizinin ekoloji vəziyyətinə, eləcə də su hövzələrində canlı aləmin təbii inkişafına mənfi təsir göstərir. Bu baxımdan, Kür çayının Xəzər dənizinə qovuşduğu ərazinin təmiz saxlanılması Xəzərin bioresurslarının qorunması və ekoloji tarazlığın təmin edilməsi üçün xüsusi əhəmiyyət daşıyır.

IDEA İctimai Birliyi tərəfindən Xəzər dənizinin bioresurslarının qorunması, sahilyanı ərazilərin təmiz saxlanılması və ictimaiyyət arasında ekoloji məsuliyyət hissinin gücləndirilməsi məqsədilə bu cür təmizlik aksiyaları mütəmadi olaraq həyata keçirilir. Kür çayı sahillərində təşkil edilən bu tədbirlər təbii balansın qorunması, ətraf mühitin sağlamlaşdırılması, çayların mühafizəsi istiqamətində cəmiyyətin səfərbər edilməsi, həmçinin insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

IDEA İctimai Birliyi hər kəsi təbiətin mühafizəsinə həssas yanaşmağa, sahillərimizin təmizliyinə riayət etməyə və gələcək nəsillər üçün daha sağlam, təmiz və dayanıqlı mühitin formalaşmasına öz töhfəsini verməyə çağırır.

Seçilən
2
3
far.az

4Mənbələr