AZ

​Rusiyanın təcavüzünü araşdıracaq tribunal yaradılır “Putin və digərləri Haaqaya bilet aldılar...”

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa Şurası Nazirlər Komitəsinin iclasında Ukraynaya qarşı təcavüz cinayətinə dair Xüsusi Tribunalın rəhbər komitəsinin yaradılması ilə bağlı Genişləndirilmiş Qismən Sazişin təsdiqi barədə qərar qəbul olunub. 

“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, dünyanın 36 dövləti və Avropa İttifaqı sazişə qoşulmaq niyyətini bəyan edib.

Bildirilir ki, Rusiya Roma Statutunun iştirakçısı olmadığı üçün Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın ali siyasi və hərbi rəhbərliyini Ukraynaya qarşı təcavüz ittihamı ilə mühakimə edə bilmir. Bu səbəbdən ötən il ayrıca tribunal yaradılması təşəbbüsü irəli sürülüb. Həmin tribunalda konkret hərbi cinayətlər deyil, birbaşa Ukraynaya qarşı silahlı təcavüz faktı araşdırılacaq.

Ukrayna Xarici İşlər Nazirliyi 15 may tarixli qərarın tribunalın real yaradılması istiqamətində əsas addımlardan biri olduğunu bildirib. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə “Xüsusi tribunal artıq hüquqi reallığa çevrilib” deyərək, Rusiya Prezidenti Vladimir Putin və digər Rusiya rəhbərlərinin “Haaqaya bilet aldıqlarını” bildirib.

Tribunal sazişinə qoşulmaq niyyətini Avropa Şurasına üzv olan 34 dövlət – əsasən Avropa İttifaqı ölkələri, həmçinin Ukrayna, Moldova, Böyük Britaniya və digər Avropa ölkələri ifadə edib. Bundan başqa, Avstraliya və Kosta-Rika da təşəbbüsü dəstəkləyib.

Avropa Şurasının baş katibi Alen Berse bildirib ki, artıq tribunalın fəaliyyətinin və maliyyələşməsinin təmin olunması üçün praktiki addımlar atılmalıdır: “Rusiyanın təcavüzə görə məsuliyyətə cəlb ediləcəyi vaxt sürətlə yaxınlaşır”. Avropa Şurası həmçinin açıqlayıb ki, Niderland tribunalın ilkin fəaliyyət mərhələsinə Haaqada ev sahibliyi etməyə razılıq verib.

Qeyd olunur ki, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Şurasının baş katibi 2025-ci il iyunun 25-də Ukraynaya qarşı təcavüz cinayətinin araşdırılması üzrə Xüsusi Tribunalın yaradılması haqqında saziş imzalayıblar.

Kiyev tribunalın faktiki olaraq 2027-ci ildə fəaliyyətə başlayacağını gözləyir. Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini İrina Mudraya məlumat verib. Onun sözlərinə görə, “Nürnberq” və “Tokio” proseslərindən sonra ilk dəfə olaraq aqressiv müharibənin başlanmasına görə xüsusi məsuliyyət mexanizmi yaradılır. Tribunalın təqsirləndirilən şəxslərin iştirakı olmadan, qiyabi qərarlar çıxarmaq səlahiyyətinə malik olacağı da vurğulanır. Rusiya hakimiyyəti isə iştirak etmədiyi beynəlxalq məhkəmə institutlarının yurisdiksiyasını tanımadığını bəyan edir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
azpolitika.info

1Mənbələr