AZ

Ömüralıyev: "Orta Dəhliz Türk ölkələrinin qlobal logistikadakı əhəmiyyətini gücləndirir"

Nəqliyyat və rəqəmsal dəhlizlərin inkişafı Türk ölkələrinin qlobal logistikadakı rolunu gücləndirir.

"Report"un Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev qurumun qeyri-rəsmi Zirvə görüşündə bildirib.

K.Ömüralıyev bəyan edib ki, Orta Dəhliz nəqliyyat və logistika sahəsində əməkdaşlığın mühüm marşrutu kimi əhəmiyyətini gücləndirməyə davam edir: "Bu prosesdə Çin–Qırğızıstan–Özbəkistan və Bakı–Tbilisi–Qars dəmir yolu xətləri, Zəngəzur dəhlizi kimi infrastruktur layihələri xüsusi rol oynayır. Bu əlaqələrin inkişafı regionumuzun qlobal nəqliyyat marşrutlarındakı rolunu daha da artıracaq. Bu potensialın tam reallaşdırılması üçün gömrük prosedurlarını, rəqəmsal sistemləri və qarşılıqlı əməkdaşlıq mexanizmlərini təkmilləşdirmək zəruridir. Bu isə prosesləri sürətləndirməyə və onların səmərəliliyini artırmağa imkan verəcək".

Onun sözlərinə görə, bu istiqamətdə beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı ilə əməkdaşlıq inkişaf etdirilir.

Bundan əlavə, TDT-nin Baş katibi nəqliyyat-logistika sahəsində süni intellekt texnologiyalarının tətbiqinə dair planlar barədə məlumat verib.

Eyni zamanda, K.Ömüralıyev rəqəmsal dəhliz layihələrinin, o cümlədən Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə çəkilən rəqəmsal kabel dəhlizinin xüsusi əhəmiyyətini qeyd edib: "Bu layihə Xəzər üzərindən strateji rəqəmsal körpü olacaq və Türk məkanının daha sıx inteqrasiyasını təmin edəcək".

Seçilən
13
far.az

1Mənbələr