Şübhəsiz ki, Zirvə görüşləri Türk Dövlətləri Təşkilatı çərçivəsində türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından unikal platformadır. Prezident İlham Əliyev bu dəfəki Zirvə görüşündə də məzmunlu çıxışı ilə diqqət mərkəzində oldu və türk dünyasının gələcək inkişaf istiqamətlərinə dair mühüm mesajlar verdi.
Bu fikirləri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.
O qeyd edib ki, ölkə başçısının çıxışı əməkdaşlığın və birgə layihələrin genişləndirilməsi, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılması baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Dövlət başçısı əvvəlcə Azərbaycan Qazaxıstan münasibətlərinə toxunaraq qeyd etdi ki, qarşılıqlı yüksək səviyyəli səfərlər iki ölkə arasında sıx strateji əlaqələrin göstəricisidir və son illərdə bu səfərlərin intensivliyi, eləcə də Birgə Bəyannamə münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib. Daha sonra Prezident diqqətə çatdırdı ki, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu artır və əməkdaşlıq dərinləşir. Eyni zamanda bildirdi ki, nəqliyyat və logistika layihələri, xüsusilə Orta Dəhliz və "Rəqəmsal İpək Yolu” regionun strateji əhəmiyyətini daha da gücləndirir. Prezident əminliklə qeyd etdi ki, Türk dünyası XXI əsrin mühüm güc mərkəzinə çevrilməlidir və Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına töhfə verməyə davam edəcək.
Göründüyü kimi vahid ailə olan Türk Dövlətləri Təşkilatının inkişafı və güclənməsi istiqamətində ölkəmiz fəal şəkildə iştirak edir. Bu prosesdə Prezident İlham Əliyevin xidmətləri və təşəbbüsləri mühüm rol oynayır. Dövlət başçısının bu istiqamətdə həyata keçirdiyi ardıcıl və prinsipial siyasət Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir.
Deputat sonda vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlər tərəfindən Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimi xoş bir hadisə kimi yaddaşlardan silinməyəcək. Layihə
qeyd olunduğu kimi türk xalqlarının şərəfli tarixinə və zəngin irsinin qorunub saxlanmasına, eləcə də onun geniş şəkildə təbliğinə mühüm töhfə verəcək. Bu təşəbbüs liderlərin türk xalqlarının həyatında göstərdiyi böyük xidmət kimi rəğbətlə qarşılandı.