AZ

Bəhruz Quliyev: “Moskvadakı erməni kilsəsində təşkil edilən sərgi açıq siyasi təxribatdır” – ÖZƏL

"Azərbaycan ilə Rusiya arasında münasibətlərin son dövrlərdə daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan məcrada inkişaf etdiyi bir vaxtda Moskvadakı erməni kilsə kompleksində qondarma "artsax" mövzusunda revanşist sərginin təşkili təsadüfi hadisə kimi qiymətləndirilə bilməz. Bu cür tədbirlər regionda yeni reallıqları qəbul etmək istəməyən dairələrin hələ də aktiv olduğunu göstərir. Xüsusilə də sərgidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əleyhinə çağırışların səsləndirilməsi, saxta xəritələrin nümayiş etdirilməsi və ölkəmizə qarşı əsassız ittihamların irəli sürülməsi açıq siyasi təxribat xarakteri daşıyır." 

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert  Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert hesab edir ki, burada əsas məqsəd regionda formalaşmaqda olan yeni geosiyasi balansı pozmaq, Azərbaycan-Rusiya münasibətlərində etimad mühitinə zərbə vurmaq və sülh gündəliyini kölgə altına almaqdır: "Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin edib. Qarabağ məsələsi artıq tarixə qovuşub. Buna baxmayaraq, müəyyən erməni revanşist dairələri və onları himayə edən xarici mərkəzlər hələ də köhnə separatçı narrativləri gündəmdə saxlamağa çalışırlar. Moskvada belə bir sərginin keçirilməsi də məhz bu məqsədə xidmət edir."

B.Quliyev vurğulayıb ki, son günlər Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında aparılan dialoq və verilən müsbət mesajlar bəzi qüvvələri ciddi şəkildə narahat edir: "Çünki Bakı ilə Moskva arasında münasibətlərin normallaşması və qarşılıqlı anlaşmanın güclənməsi regionda manipulyasiya siyasəti aparan dairələrin maraqlarına uyğun deyil. Ona görə də onlar emosional və təxribat xarakterli addımlarla iki ölkə arasında gərginlik yaratmağa çalışırlar."

Siyasi şərhçi bildirib ki, burada diqqət çəkən əsas məqamlardan biri də Rusiyanın daxilində müxtəlif təsir mərkəzlərinin mövcud olmasıdır: "Rusiya böyük və mürəkkəb siyasi sistemə malik dövlətdir. Orada dövlətin rəsmi mövqeyi ilə müəyyən dini, diaspor və ya lobbi dairələrinin fəaliyyəti hər zaman üst-üstə düşmür. Bu səbəbdən Moskvada baş verən hər hadisəni birbaşa Kremlin rəsmi siyasəti kimi təqdim etmək doğru olmazdı. Lakin eyni zamanda belə tədbirlərin keçirilməsinə imkan verilməsi də haqlı suallar doğurur və Azərbaycan ictimaiyyətində narahatlıq yaradır."

Baş redaktor hesab edir ki, Azərbaycan bu cür informasiya və təbliğat təxribatlarına qarşı həm diplomatik, həm də hüquqi müstəvidə prinsipial mövqeyini davam etdirməlidir: "Bu gün regionda sülhün və sabitliyin əsas təminatçısı məhz Azərbaycandır. Rəsmi Bakı revanşizmə deyil, əməkdaşlığa və kommunikasiyaların açılmasına üstünlük verir. Amma heç kim düşünməməlidir ki, Azərbaycan öz suverenliyinə qarşı yönəlmiş təxribatlara susacaq. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu həqiqət artıq beynəlxalq səviyyədə qəbul olunub."

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
44
olaylar.az

1Mənbələr