Qlobal maliyyə bazarlarında diqqət yenidən ABŞ–Çin xəttinə yönəlib. Pekin və Vaşinqton arasında keçirilən yüksək səviyyəli danışıqlar fonunda həm valyuta bazarlarında, həm də fond birjalarında ciddi dalğalanmalar müşahidə olunur. Çin yuanı dollar qarşısında son üç ilin ən yüksək səviyyəsinə yüksələrək investorların diqqətini cəlb edib. Eyni zamanda dünya birjalarında əsas indekslər rekord hədlərdən bir qədər geri çəkilib və bazarlarda gözləntilər daha çox Tramp–Cinpin görüşünün nəticələrinə fokuslanıb.
Çin prezidenti Si Cinpin Pekində ABŞ lideri Donald Tramp ilə görüş zamanı iki ölkə arasında münasibətlərin “yeni möhkəmlənmə mərhələsinə” daxil olduğunu bildirib. Rəsmi Pekin tərəfi yaxın illərdə daha sabit və proqnozlaşdırıla bilən ikitərəfli münasibətlərin qurulması ilə bağlı razılıq əldə olunduğunu açıqlasa da, danışıqların detalları ictimaiyyətə tam açıqlanmayıb. Bu fon da qlobal investorlar arasında həm optimizm, həm də ehtiyatlılıq yaradıb.
Eyni zamanda Çin iqtisadiyyatında müşahidə olunan aktiv ixrac, ticarət profisiti və monetar siyasət yuanın möhkəmlənməsinə əlavə təkan verib. Çin Mərkəzi Bankının məzənnə siyasəti və faiz addımları fonunda yuan dollar qarşısında son illərin ən güclü mövqelərindən birinə çıxıb. Bununla belə, ekspertlər bildirirlər ki, Pekin valyutanın həddindən artıq güclənməsinin qarşısını almaq üçün balanslaşdırılmış siyasət yürüdür.
Fond bazarlarında isə Şanxay və CSI300 indeksləri əvvəlki yüksəlişlərdən sonra korreksiya mərhələsinə daxil olub. Analitiklər bunu qısamüddətli qazanc realizasiyası və investorların ehtiyatlı mövqeyi ilə izah edirlər. ABŞ–Çin münasibətlərində texnologiya, xüsusilə süni intellekt və çip bazarı isə danışıqların əsas strateji istiqamətlərindən biri kimi qiymətləndirilir.
ABŞ–Çin iqtisadi rəqabəti hansı mərhələyə keçir və bu proses qlobal maliyyə sistemində güc balansını dəyişə bilərmi? Daha konkret desək, Çin yuanı gələcəkdə dolları geridə qoyaraq dünya valyuta sistemində lider mövqeyə yüksələ bilərmi?

İqtisadçı-alim Vüsalə Əhmədova mövzu ilə bağlı Musavat.com-a bunları deyib:
“Düşünürəm ki, dolların əsas rezerv valyuta statusunu itirməsi təkcə hər hansı bir başqa valyutanın güclənməsi ilə baş verə bilməz. Çünki dolların üstünlüyü yalnız ABŞ iqtisadiyyatının ölçüsü ilə bağlı deyil, arxasında böyük sistem dayanır. Tarixən dünya ödəniş və valyuta sisteminin inkişafı bir neçə mərhələdən keçib, bu proses adətən onilliklər çəkib. İlk başda “qızıl standartı mərhələsi”, sonrasında “qızıl-valyuta standartı”, 1944-cü ildən etibarən isə “Bretton-Vuds sistemi” ilə ABŞ dolları əsas beynəlxalq ödəmə vasitəsi oldu və bu günə qədər də davam etməkdədir. Ümumiyyətlə, rezerv valyuta sisteminin dəyişməsi üçün bir sıra şərtlər ödənməlidir. Bunun üçün həm alternativ valyuta çox güclü olmalıdır, həm də daha geniş istifadə olunmalıdır. Hazırda dolların üstünlüklərindən biri odur ki, beynəlxalq ticarətin böyük hissəsi dollarla aparılır, dövlətlər valyuta ehtiyatlarının böyük hissəsini dollarda saxlayır, qlobal borc və istiqraz bazarlarının əhəmiyyətli hissəsi dollar əsaslıdır.
İqtisadçı qeyd edib ki, dolların payının azalması üçün məsələn, Çin yuanı, avro və ya başqa bir valyuta daha çox ölkələrarası ticarətdə istifadə olunmalı, enerji və xammal müqavilələrinə daxil edilməli, beynəlxalq ehtiyatlarda payları artırılmalıdır:
“Bir valyutanın qlobal lider olması üçün dediyim kimi, yalnız iqtisadi güc kifayət etmir, investorların ona uzunmüddətli etibarı da önəmlidir. ABŞ-nin üstünlüyünün böyük hissəsi də məhz maliyyə sisteminə etibardan gəlir. Xarici investor bilməlidir ki, istədiyi vaxt istədiyi qədər vəsaiti çıxara biləcək, hüquqi mühit sabitdir, bazarlar şəffafdır, dövlət müdaxiləsi məhduddur və s. Həmçinin, artıq uzun müddətdir ki, neft müqavilələrinin böyük hissəsi dollarla bağlanıb, ölkələr enerji almaq üçün dollar saxlayır. Eləcə də ölkələrin mərkəzi bankları ehtiyatlarının böyük hissəsini dollarda saxlayırlar”.
İqtisadçıya görə, bununla belə, çoxqütblü valyuta sistemi haradasa real görünə bilər:
“Məsələn, dollar hələ də əsas oyunçu olaraq qala bilər, ancaq yuan Asiya və bəzi inkişaf etməkdə olan bazarlarda güclənə bilər, avro Aİ regionunda təsirini saxlaya bilər, eləcə də regional ticarətdə milli valyutaların istifadəsi genişlənə bilər. Bu şəkildə heç bir valyuta tam dominant olmayacaq. Mən şəxsən bir neçə il öncə kriptovalyutalar yeni çıxdığı zaman daha çox rəqəmsal mərkəzi bank valyutalarının yaranacağına ümid edirdim. Bir çox ölkə öz mərkəzi bank rəqəmsal valyutaları üzərində işləsə də, bu proses hələ də gecikir. Əgər gələcəkdə ölkələr birbaşa rəqəmsal platformalar vasitəsilə ticarət etsələr, dollar üzərindən aparılan əməliyyatların bir hissəsinin azalacağı gözləniləndir. Nəticə etibarilə, qlobal maliyyə sistemində güc balansının dəyişməsi, dolların üstünlüyünün tədricən zəifləməsi mümkündür. Beləcə, tək bir valyutanın üstünlüyündən daha çox, çoxqütblü valyuta sisteminə keçid ehtimalı daha real görünür. Yəni “yuan dolları məğlub edir” deyil, “dolların təkhakimiyyəti zəifləyir” ssenarisi daha inandırıcıdır. Amma çox güman ki, bu, bir neçə il ərzində mümkün olmayacaq, uzunmüddətli mərhələli proses tələb olunur”.