AZ

Şuşanın işğalı günü qol götürüb oynamaq... Elman Mustafazadə yazır

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Elman MUSTAFAZADƏ

8 may bizim üçün uzun illər boyu kədərli gün sayılıb - Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğalı günü olduğu üçün...

Şuşa 1992-ci ilin 8 may günü təpdədən-dırnağa silahlanmış Ermənistan və Rusiya hərbi birləşmələri tərəfindən işğal edildi. O vaxt biz, demək olar ki, əliyalın idik...

Çalışıram unudum o günləri. Təsəllim də var! Şuşam azaddır! Şuşa yenidən tikilir, Şuşa yenidən qurulur!

Azərbaycan Ordusunun qəhrəman döyüşçüləri bir vaxt düşmənin asanlıqla tutduğu, işğal etdiyi Şuşaya sıldırım qayaları aşaraq daxil oldu. 30 il düşmən tapdağı altında olan qədim şəhərimizi yüngül silahlarla, əlbəyaxa döyüşlə, el dili ilə desək, dişi ilə, dırnağı ilə azad etdi igid oğullarımız!

Bütün bunlar bu gün başımızı dik tutmağa haqq verir! Amma... O ağır günləri, o günlərin qurbanlarını unutmağa əsas vermir! 1992-ci ilin 8 mayında Şuşanın işğalı zamanı 480 nəfər günahsız soydaşımızın qətlini, 600 nəfər yaralı eloğlularımızı, 22 min nəfər didərgin şuşalı həmyerlilərimizi necə unuda bilərik?! İşğal ərəfəsində əsir götürülmüş 68 soydaşımızın taleyindən isə bu gün də xəbər-ətər yoxdur...

Bu günlərdə "Yeni Müsavat"da Nazim Sabiroğlunun Şuşa ilə bağlı kövrək yazısını oxudum və nə qədər acı olsa da, etiraf edim ki, göz yaşlarıma hakim kəsilə bilmədim. Elə hey deyirlər ki, kişi ağlamaz. Bəs kişi yaşadığı stressi, hiss və həyəcanlarını necə sakitləşdirsin?! Özü də Vətəndən uzaqda, qürbət diyarda!

Nazim yazır - Şuşanın dünənindən yazır. Və qəribə bir müşahidəsini xatırladır: "İşğal illərində yaşadıqlarımızı xatırlayanda indiki şad günümüzdə hətta qol götürüb oynamaq da olar. Oynamaq demişkən, Şuşa ilə bağlı yaddaşımda əbədi həkk olan bu hadisəni də xatırlamağın yeri var. Deyirlər ki, Xalq şairi Vaqif Səmədoğlu Şuşanın işğal olunması xəbəri yayılanda Yazıçılar Birliyinin binasında... qol götürüb oynayıb. Şuşanın işğalına bu qədər faciəvi reaksiyanı heç unutmadım. Buna məğlubiyyət acısında havalanmaq da deyirlər".

Ruhun qarşısında baş əyirəm, əziz Vaqif bəy! Baş əyirəm ki... İndi Azərbaycanda sənin yerin görünür. Hanı sənin kimi vicdanlı, sözdə deyil, əməldə vətəninin və millətinin sabahını düşünən ziyalılar?..

Bir xatirə də mən danışım. Vaqif bəyin qeyri-adi hərəkətinə aydınlıq gəlsin deyə.

Ömrü qürbətdə keçən, gözlərini Niderlandda əbədi yuman, Birinci Qarabağ müharibəsində helikopter batalyonu komandiri olmuş, son nəfəsinə kimi Qarabağın işğalı ilə barışmayan palkovnik Faiq Rəhimov yana-yana danışırdı. Danışırdı ki: "Kəlbəcərdən soydaşlarımızı helikopterlə təxliyə edirdik. Ancaq adam çox, helikopterlər isə az. Hamı panika içindəydi. Ermənilər isə dinc əhalini qıra-qıra gəlirdilər. Bu zaman helikopterə minə bilməyən gənc bir qız, geriyə dönüb, uca və gözəl səslə bayatı oxuya-oxuya, hətta sanki sevinə-sevinə uzaqlaşdı. Hamımız mat qalmışdıq ki, bu qız nəyə sevinir? Bir də baxdıq ki, qız özünü sıldırım qayadan atdı".

O vaxt bu söhbəti dinləyərkən hansı hisslər keçirdiyimi sözlə ifadə edə bilmirəm! Ehhh....

Nur içində yat, Faiq müəllim, Allah sənə rəhmət eləsin! Nələrin şahidi olmuşdun...

İndi yəqin Vaqif Səmədoğlunun Şuşanın işğalı günü qol götürüb oynamasının səbəbini anladınız.

Şuşanın bu günü ilə bərabər, özünü qayadan atan bakirə qızlarımızı, itkin soydaşlarımızı, kürəyində donmuş korpəsini daşıyan analarımızı necə unuda bilərik?

Sözümün sonunda üzümü Şuşaya tutub deyirəm: Şuşa! Sən bizim sevincimiz və kədərimizsən! Şuşa! Sən bizim qürür yerimizsən! Şuşa! Sən əzəli, əbədi Azərbaycansan!

Amsterdam, Niderland,

8 may 2026-cı il.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
525.az

1Mənbələr