ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Qəhvə istehlakı ilə bağlı müzakirələr davam edərkən kardioloq professor Muhammed Keskin müxtəlif qəhvə növlərini sağlamlıq baxımından qiymətləndirib. Filtr qəhvədən espressoya, latte növlərindən hazır qəhvələrə qədər bir çox içkini bal sistemi ilə dəyərləndirən həkim ən sağlam qəhvə növünün hansı olduğunu da açıqlayıb.
Demokrat.az xəbər verir ki, professorun sözlərinə görə, qəhvənin sağlamlığa təsirini müəyyən edən əsas amil onun emal səviyyəsi və tərkibidir. Xüsusilə çox şəkərli, aromalı və yüksək dərəcədə emal olunmuş qəhvələrin sağlamlıq baxımından daha zəif nəticə göstərdiyini bildirən mütəxəssis sadə və az işlənmiş qəhvələrin ön plana çıxdığını deyib.
Ən faydalı qəhvə – filtr qəhvə
Muhammed Keskin sağlamlıq baxımından ən yüksək balı filtr qəhvəyə verib. O, filtr qəhvəni 10 üzərindən 9 balla qiymətləndirib. Bir balın çıxılmasının səbəbi isə həddindən artıq istifadə zamanı ürəkdöyünmə və nəbzin sürətlənməsi riskidir.
Professor qeyd edib ki, filtr qəhvə süzülmə üsulu ilə hazırlandığı üçün daha faydalı hesab olunur. Nəzarətli şəkildə müntəzəm qəbul edildikdə ürək sağlamlığına müsbət təsir göstərə, diabet, Parkinson və demans riskini azaltmağa kömək edə bilər.
Espresso və americano da yüksək bal aldı
Espresso və americano da yüksək qiymətləndirilən qəhvələr sırasında yer alıb. Professor espressoya 10 üzərindən 8 bal verib. Americano isə əsasən su əlavə edilmiş espresso olduğu üçün eyni kateqoriyada dəyərləndirilib.
Lakin espresso əsaslı qəhvələrin filtr qəhvəyə nisbətən daha turşulu, yağ tərkibinin daha yüksək və mədə üçün daha həssas ola biləcəyi vurğulanıb.
Türk qəhvəsinə 7 bal verildi
Türk qəhvəsi isə 10 üzərindən 7 bal alıb. Bunun səbəbi hazırlanma üsulu ilə əlaqələndirilib. Professor bildirib ki, türk qəhvəsi qaynadılaraq hazırlandığı üçün akrilamid miqdarı arta bilər. Bundan başqa, xolesterinə təsir göstərə biləcək bəzi maddələrin səviyyəsi daha yüksək ola bilər.
Buna baxmayaraq, şəkərsiz istifadə edildikdə türk qəhvəsinin yenə də sağlam seçimlər arasında yer aldığı qeyd olunub.
Hazır qəhvələr siyahının sonunda qərarlaşıb
Xüsusilə “3-ü 1 arada” hazır qəhvələr, toz kapuçino və şərbətli qəhvələr aşağı bal alıb. Professor Muhammed Keskin “3-ü 1 arada” qəhvəyə 10 üzərindən 3, frappuçino tipli kremli qəhvələrə isə cəmi 2 bal verib.
Bunun əsas səbəbləri kimi:
yüksək şəkər miqdarı,
çox işlənmiş tərkib,
süni aromalar göstərilib.
“Emal səviyyəsi artdıqca faydası azalır”
Professorun fikrincə, qəhvədə əsas meyar emal səviyyəsidir. Xüsusilə ağ şokoladlı mocha, aromalı qəhvələr və hazır qarışıqların daha çox emal olunduğu üçün sağlamlıq baxımından zəif seçim sayıldığı bildirilib.
Bitki südü ilə hazırlanan qəhvələr barədə də danışan mütəxəssis badam və yulaf südü ilə hazırlanan latte növlərinin adi südlü qəhvələrdən möcüzəvi dərəcədə daha faydalı olmadığını deyib. O, bu qəhvələrə 10 üzərindən 6 bal verib.
Professor vurğulayıb ki, qəhvə tamamilə zərərli içki deyil. Əksinə, düzgün miqdarda qəbul edildikdə ürək sağlamlığına, maddələr mübadiləsinə, zehni performansa və nevroloji sağlamlığa müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, gündə iki fincanı keçməyən qəhvə istehlakı faydalı hesab olunur.İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.