AZ

GSNP Baş Assambleyası çərçivəsində “İlmə-ilmə birlik” adlı sərgi təşkil edilib - FOTOLAR

2026-cı il mayın 14-də GSNP Baş Assambleyası çərçivəsində “İlmə-ilmə birlik” adlı sərgi təşkil edilib. Sərgidə Azərbaycanın qədim xalçaçılıq ənənələri, yaradıcı sənaye nümunələri və müasir urban elementlər harmonik şəkildə nümayiş olunub.
 

“Səyahət Turizmin İnkişafına Kömək” İctimai Birliyi “İkinci Həyat” layihəsi ilə köhnəlmiş və bərpası mümkün olmayan xalçaları yenidən sənət nümunəsinə çevirərək təqdim edib. Layihədə ənənəvi xalçaçılıq elementləri müasir dizayn yanaşmaları ilə birləşdirilib.
 

“Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin stendində isə milli tariximizi və mədəniyyətimizi əks etdirən rəsm əsərlərinin geyim üzərində tətbiqi nümayiş olunub. Qarabağ, Şuşa, Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Laçın, Füzuli, Zəngilan və Qubadlını əks etdirən təsvirlər təbii ipək saplarla toxunmuş parçalarda təqdim edilərək xüsusi geyim kolleksiyası nümayiş etdirilib.
 

“Ekosfera Ekoloji-Sosial Mərkəzi” İctimai Birliyi tərəfindən “Mənim irsim danışır” layihəsi çərçivəsində hazırlanmış maketlər sərgilənib. Respublikanın müxtəlif regionlarından 600-dən çox iştirakçının qatıldığı müsabiqənin final mərhələsinə seçilmiş işlərdə Azərbaycanın qalaları, körpüləri, karvansarayları, gölləri, tarixi abidələri yaradıcı formada təqdim olunub.
 

“Qayğıya Ehtiyacı Olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyi tərəfindən təqdim olunan “Touch and Sense City” layihəsi də iştirakçıların marağına səbəb olub. Görmə əlilliyi olan şəxslər üçün nəzərdə tutulan layihə süni intellekt, sensor texnologiyaları və ağıllı şəhər həllərini bir araya gətirərək daha təhlükəsiz və əlçatan şəhər mühitinin yaradılmasını hədəfləyir.
 

“Azərbaycanda Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye” İctimai Birliyi tərəfindən qədim qurama sənətinin nümunələri nümayiş etdirilib.
 

Sərgidə, həmçinin qum üzərində hazırlanmış “Naxçıvan”, “Gəncə”, “Qədim Bakı”, “Müasir Bakı”, “Şuşa – Dirçəliş” və “Şuşa – Məscid” kompozisiyaları təqdim olunub. “Azərxalça”nın stendində Azərbaycanın qədim xalçaçılıq məktəblərini təmsil edən nadir xalça nümunələri sərgilənib.
 

Qarabağ Dirçəliş Fondunun layihəsi çərçivəsində fəaliyyət göstərən stenddə rəssamların canlı rəsm performansları nümayiş etdirilib. Rəssamlar xalça elementlərindən istifadə etməklə unikal əsərlər yaradıblar. Qonaqlar üçün interaktiv xalça “puzzle oyunu” təşkil olunub.
 

Tədbir çərçivəsində keçirilən keramika master-klassı da böyük maraqla qarşılanıb. İştirakçılar Bakı ruhunu əks etdirən urban fiqurları rəssamların müşayiəti ilə rəngləyiblər.
 

Sərgidə “Azərçay” stendi də maraq doğurub. Burada qonaqlara ənənəvi Azərbaycan çayı və kəllə qənd təqdim edilərək ölkəmizin milli qonaqpərvərlik ənənələri nümayiş etdirilib.

Seçilən
32
qht.az

1Mənbələr