ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Ölkədə yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələr və cərimə balı sistemi sürücülər arasında narazılıqla qarşılanır. Sürücülər hətta bildirirlər ki, artıq kameralar da yanlış cərimələr yazır.
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirdi ki, son günlər sürücülərin narazılığı əsasən cərimələrin sayının və nəzarətin artması ilə bağlıdır:

"Xüsusilə kameraların geniş tətbiqi və bir çox qayda pozuntusuna cərimə balı yazılması insanlarda “artıq hər addım izlənilir” düşüncəsini gücləndirib. Amma məsələyə yalnız sürücünün narahatlığı prizmasından yox, ümumi yol təhlükəsizliyi baxımından baxanda görünür ki, sərtləşdirilən nəzarətin müəyyən məntiqi var. Çünki sürət həddinin aşılması, telefondan istifadə, təhlükəli manevrlər və işıqfor qaydalarının pozulması illərlə ağır qəzaların əsas səbəblərindən biri olub. Bu baxımdan cərimə sistemi sürücünü intizamlı davranmağa məcbur edən preventiv vasitə kimi vacib rol oynayır. Digər tərəfdən, cəmiyyətin narazılığı da tam əsassız deyil, bəzi hallarda texniki xətalar, nişanlanmanın aydın olmaması, eyni anda bir neçə pozuntuya görə ardıcıl cərimələr və ya xırda pozuntulara tətbiq olunan yüksək məbləğlər insanlarda ədalətsizlik hissi yaradır. Ədalətli sistem yalnız sərt olmaqla yox, həm də şəffaf, izahlı və proporsional olmaqla formalaşır. Yəni məqsəd sürücünü cərimə ilə “cəzalandırmaq” yox, onu təhlükəsiz davranışa yönləndirmək olmalıdır. Əgər tətbiq olunan qaydalar hamıya eyni şəkildə işləyirsə, sürücü əvvəlcədən nəyi pozduğunu aydın anlayırsa və nəzarət həqiqətən təhlükəsizlik məqsədinə xidmət edirsə, o zaman sərt cərimələr belə cəmiyyətdə daha normal qəbul olunur".
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.