Bakı, 14 may, AZƏRTAC
Bakıda keçirilən idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirinin ilk günü başa çatıb.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışın ilk günündə gənclər kateqoriyasında Azərbaycan, Özbəkistan, Ukrayna və Macarıstandan gimnastlar, eləcə də neytral statuslu idmançılar (AİN) çıxış ediblər.
Azərbaycan təmsilçilərindən Leyla Məmmədzadə çoxnövçülük proqramında bürünc medal qazanıb.
Qızlardan və oğlanlardan ibarət yığmalarımız isə komanda hesabında üçüncü yeri tutublar.
Yarışda ölkəmizi 16 idmançı təmsil edir.
Qızların mübarizəsində Nazənin Teymurova, Dəniz Əliyeva, Aytən Məmmədova, Xədicə Abbaszadə, Albina Əliyeva, Leyla Məmmədzadə, Aynaz Məcidzadə və Lalə Zamanlı qüvvələrini sınayır.
Oğlanlar arasında isə Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Miryusif Əhmədzadə, İlham Salayev, Mahir Səlimov, İsgəndər Cavadzadə və Məhəmməd Rüstəmzadə medal uğrunda mübarizə aparırlar.
Turnirə mayın 16-da yekun vurulacaq.