AZ

Hantavirus COVID-19 qədər təhlükəli deyil  

Cənubi Amerikada yayılan və kruiz gəmisində yoluxmalara səbəb olan hantavirus yenidən dünya gündəminə gəlib. Virusun yayılması xəbərləri bir çox insana 2020-ci ildə COVID-19-un kruiz gəmilərində sürətlə yayılmasını xatırladıb. Xüsusilə də “Ruby Princess” hadisəsindən sonra (2020-ci ilin martında Avstraliyanın Sidney şəhərində 2700-dən çox sərnişinin səhvən COVID-19 testi aparılmadan və izolyasiya edilmədən sahilə buraxılması ilə nəticələnən kütləvi yoluxma) insanlar yeni pandemiya ehtimalından narahat olmağa başlayıblar. Lakin bu virus ciddi təhlükə yaratsa da, onun COVID-19 kimi qlobal pandemiyaya çevrilməsi ehtimalı çox aşağıdır.

Son məlumata görə, “MV Hondius” kruiz gəmisi ilə əlaqəli doqquz yoluxma halı qeydə alınıb. Onlardan yeddisi laborator şəkildə təsdiqlənib, iki nəfər isə ehtimal olunan yoluxmuş sayılır. Üç nəfərin öldüyü açıqlanıb. Avstraliya və Yeni Zelandiyadan olan sərnişinlər xüsusi nəzarət altında ölkələrinə qaytarılır və karantinə yerləşdirilirlər.

Bəs hantavirus nədir? Bu viruslar, əsasən, siçan və siçovul kimi gəmiricilər vasitəsilə yayılır. İnsanlar adətən yoluxmuş heyvanların sidik, nəcis və ya tüpürcək hissəciklərini nəfəs aldıqda virusa yoluxurlar. Hantavirusların böyük əksəriyyəti insanlar arasında yayılmır. Bunu digər viruslardan fərqləndirən əsas xüsusiyyət isə onun nadir hallarda insandan insana keçə bilməsidir. Bundan əlavə, bu ötürülmə çox çətin şəraitdə baş verir. Yoluxma, əsasən, uzunmüddətli yaxın təmas, zəif havalandırılan məkan, ailə daxilində təmas zamanı müşahidə olunur.

Bəs bu virusun COVID-19-dan əsas fərqi nədir? COVID-19-a səbəb olan SARS-CoV-2 virusu hava yolu ilə çox sürətlə yayılırdı. İnsanlar simptom hiss etməzdən əvvəl belə başqalarını yoluxdura bilirdi. Hantavirusda isə vəziyyət tam fərqlidir. Virusun yayılması üçün yaxın və uzunmüddətli təmas lazımdır. Üstəlik, yoluxduruculuq, əsasən, simptomlar ortaya çıxdıqdan sonra artır. Məhz bu səbəbdən hantavirusun qlobal pandemiyaya çevrilmə potensialı zəifdir. 

Xəstəliyin ilkin simptomları qızdırma, baş ağrısı, əzələ ağrıları, ürəkbulanma, yorğunluq kimi başlayır. Bəzi hallarda isə vəziyyət ağırlaşaraq hantavirus ağciyər sindromuna çevrilə bilər. Bu zaman ağciyərlərdə maye toplanır və nəfəs alma çətinləşir. Ağır hallarda xəstəlik həyati təhlükə yaradır.

Ümumdünya Səhiyyə Təşkilatı potensial təmasdan sonra insanların 42 gün ərzində müşahidə edilməsini tövsiyə edir. Bu, virusun simptomlarının gec ortaya çıxa bilməsi ilə əlaqədardır. COVID-19-da simptomlar bir neçə günə yaranırdısa, hantavirusda bu proses daha yavaş inkişaf edir. Virusun yaratdığı ağır ağciyər sindromunda ölüm faizi 50 faizə qədər yüksələ bilər. Bundan başqa, yoluxmalar çox nadir qeydə alınır. Yüksək ölüm faizi olan hər virus pandemiyaya çevrilmir. Pandemiya üçün əsas amil virusun insanlar arasında nə qədər asan yayılmasıdır.

Qeyd edək ki, hazırda hantavirusa qarşı xüsusi dərman və ya təsdiqlənmiş peyvənd yoxdur. Müalicə, əsasən, nəfəs dəstəyi, intensiv nəzarət, ürək və böyrək ağırlaşmalarının idarə olunması üzərində qurulur. Bununla yanaşı, alimlər virusun genetik məlumatını qısa müddətdə analiz edərək beynəlxalq tədqiqatçılarla paylaşa biliblər. Bu isə yeni yoluxmaların daha sürətli aşkarlanmasına kömək edir. 

Hantavirus təhlükəli və ölümcül ola bilər, lakin onun COVID-19 kimi sürətlə dünyaya yayılması ehtimalı çox azdır. 

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
19
azerbaijan-news.az

1Mənbələr