AZ

"Gerald R. Ford" aviadaşıyıcı eskadrilyaları 323 gündən sonra bazalara qayıdır

ABŞ Hərbi Dəniz Qüvvələrinin ən yeni aviadaşıyıcısı olan USS "Gerald R. Ford"un göyərtə aviasiyası rekord sayılan 11 aylıq xidmət müddətindən sonra bazalara qayıtmağa başlayıb...

Poliqon xəbər verir ki, "Naval Air Force Atlantic"in məlumatına görə, mayın 12-də CVW-8 aviasiya qanadına daxil olan bir neçə eskadrilya Virciniyadakı aviabazalara çatıb. Aviadaşıyıcının özü isə hələ də dənizdədir və bu ayın sonuna qədər Norfolk limanına qayıtması gözlənilir. Bu barədə “Forbes” yazıb.

"Okeana" hərbi-dəniz aviabazasına VFA-213 "Black Lions", VFA-37 "Ragin’ Bulls", VFA-87 "Golden Warriors" və VFA-31 "Tomcatters" qırıcı eskadrilyaları qayıdıblar. Uzaqmənzilli radiolokasiya aşkarlama üzrə VAW-124 "Bear Aces" və nəqliyyat məqsədli VRC-40 "Rawhides" eskadrilyalarının təyyarələri isə "Naval Station Norfolk" bazasına eniş edib.

May ayının ortalarına olan məlumata görə, USS "Gerald R. Ford" artıq 323 gündür dənizdədir. Bu, Vyetnam müharibəsindən bəri ABŞ aviadaşıyıcıları üçün ən uzunmüddətli xidmət missiyası hesab olunur və eyni zamanda ABŞ Hərbi Dəniz Qüvvələrinin atom mühərrikli superaviadaşıyıcıları arasında rekord göstəricidir.

Missiya müddətində CVW-8 aviasiya qanadı 11 800-dən çox uçuş həyata keçirib və ümumilikdə 5500 saatdan artıq havada olub. Aviadaşıyıcının zərbə qrupu Atlantik okeanı, Aralıq dənizi, Yaxın Şərq və Karib hövzəsi daxil olmaqla bir neçə ABŞ donanmasının məsuliyyət zonasındakı əməliyyatlarda iştirak edib.

Ötən ilin payızında aviasiya qanadı NATO müttəfiqləri ilə birlikdə şimal enliklərində əməliyyatlar həyata keçirib, daha sonra Aralıq dənizində missiyalara qatılıb. Qış və yaz aylarında isə Yaxın Şərqdə ABŞ əməliyyatlarına dəstək verib.

Bundan əlavə, aviadaşıyıcı qrupu Karib dənizində olduğu müddətdə ABŞ-ın Latın Amerikası ölkələrindən narkotik qaçaqmalçılığına qarşı həyata keçirdiyi "Southern Spear" əməliyyatında iştirak edib.

ABŞ Hərbi Dəniz Qüvvələri bildiriblər ki, "fly-off" adlandırılan proses — təyyarələrin aviadaşıyıcıdan sahil bazalarına köçürülməsi — praktik məqsədlər də daşıyır. Gəmilər limana qayıtdıqdan sonra boşaldılan anqarlar avadanlıq, alətlər və ekipajın şəxsi əşyalarının daha sürətli çıxarılmasına imkan verir.

Xatırladaq ki, mayın 5-də ABŞ Hərbi Dəniz Qüvvələrinin ən yeni və ən böyük atom aviadaşıyıcısı USS "Gerald R. Ford" (CVN-78) uzunmüddətli missiyasını başa vuraraq Yaxın Şərqdən Avropa istiqamətində hərəkət edib. Gəmi Qırmızı dənizdən Aralıq dənizinə keçərək Süveyş kanalını adlayıb və son onilliklərin ən uzun missiyalarından birini tamamlayıb.

Bundan əvvəl "Forbes" yazmışdı ki, USS "Gerald R. Ford" ABŞ-a doğru hərəkət edir və may ayının sonuna qədər Norfolk hərbi-dəniz bazasına çata bilər. Gəmi təxminən bir il dənizdə qalıb.

Poliqon.info

Seçilən
30
poliqon.info

1Mənbələr