AZ

Yeznəsinin üstünə benzin tökərək yandıran şəxs: “Onun üzü alovlandı...”

Bakı Ağır Cinayətlər Məhkəməsində bacısının ərini yandıraraq öldürməkdə təqsirləndirilən Məhərrəm Hüseynzadənin cinayət işinin bəzi detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.


İttihama əsasən, təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşadığı evdə bacısının əri olan zərərçəkmiş Zəhmət Əhmədovun tez-tez sərxoş halda evə gələrək ailə üzvlərinə narahatlıq yaratmasından narazı qalıb. Bu səbəbdən tərəflər arasında münasibətlərdə gərginlik yaranıb.


Münaqişənin dərinləşməsi nəticəsində zərərçəkmiş şəxsin ailədaxili problemlərə görə Məhərrəm Hüseynzadə və ailəsini günahlandırdığı, bunun isə tərəflər arasında nifrət və gərginliyi artırdığı qeyd edilir.


İstintaq materiallarına əsasən, hadisə 2025-ci il tarixdə saat 02:36 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib.
 

Məlumata görə, təqsirləndirilən şəxs Zəhmət Əhmədovu avtomobillə həmin yanacaqdoldurma məntəqəsinə aparıb və burada əvvəlcədən götürdüyü plastik qabla benzin alınmasını təmin edib. Zərərçəkmiş şəxs həmin vaxt benzini öz üzərinə töküb, daha sonra təqsirləndirilən şəxslə aralarında mübahisə davam edib və bu zaman hadisənin faciəvi mərhələsi başlayıb.


Məlumata əsasən, Məhərrəm Zəhmət avtomobilin yanında olarkən üzərinə benzin töküldükdən sonra baş verən gərginlik nəticəsində alışqanla onu yandırıb. Nəticədə zərərçəkmiş şəxs bədəninin böyük hissəsini əhatə edən III–IV dərəcəli ağır termiki yanıq xəsarətləri alıb. Zəhmət hadisədən bir neçə saat sonra — 04:20 radələrində xəstəxanada vəfat edib.


Məhkəmə iclasında Məhərrəm Hüseynzadə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində deyib ki, hadisədən əvvəl ailə münasibətləri normal olub və Zəhmətlə xüsusi münaqişələri olmayıb. Onun sözlərinə görə, hadisə günü tərəflər arasında gərginlik olsa da, məqsədi zərərçəkmişi yandırmaq və ya ona xəsarət yetirmək olmayıb.


Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş şəxsin emosional vəziyyətdə olduğunu düşünüb, yanacaq qabı ona avtomobildə daşınma məqsədilə verilib, hadisə zamanı Zəhmətin özünü yandırdığına şahid olub. Dərhal təcili yardım çağırıldığını və kömək göstərilməyə çalışıldığını bildirib.


Məhərrəm həmçinin söyləyib ki, hadisədən sonra polis və təcili yardım xidmətlərinə məlumat verilib və zərərçəkmişin xəstəxanaya çatdırılması üçün kömək göstərilib: “Qolundan tutmağa çalışan kimi Zəhmət alovlandı. Həmin vaxt donub qaldım və özümün üst-başım benzin olduğundan arxaya qaldım”.


Təqsirləndirilən şəxs əməli qəsdən öldürmə kimi qəbul etmədiyini, hadisənin planlı şəkildə baş vermədiyini, emosional vəziyyət və ani vəziyyətin təsiri altında baş verdiyini bildirib.


O, məhkəmədən əməl üzrə daha yüngül hüquqi qiymətləndirmə verilməsini xahiş edib.


Məhkəmənin hökmü ilə Məhərrəm Hüseynzadə 16 il müddətə azadlıqdan məhrum edilib. 

 

Kamal Məmmədov 

Tarix: 14 May 2026, 08:38   
Seçilən
40
pravda.az

1Mənbələr