AZ

Ər-Riyad və Tehran gizli hücumlardan sonra gərginliyin azaldılması barədə razılığa gəlib

Səudiyyə Ərəbistanı ilə İran arasında intensiv diplomatik təmaslar bölgədə qarşıdurmanın genişlənməsinin qarşısını almağa yönəlib...

Poliqon xəbər verir ki, Reuters Agentliyinin Qərb və İran mənbələrinə istinadən yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının İrana qarşı həyata keçirdiyi qeyri-rəsmi hücumlardan sonra Ər-Riyad və Tehran arasında intensiv diplomatik danışıqlar başlayıb.

Mənbələrin bildirdiyinə görə, Səudiyyə tərəfi İrana krallığa qarşı hücumların davam edəcəyi təqdirdə yeni cavab tədbirlərinə hazır olduğunu çatdırıb. Bunun ardınca tərəflər arasında gərginliyin azaldılması ilə bağlı qeyri-rəsmi anlaşma formalaşıb.

Məlumata əsasən, bu razılaşma Vaşinqton və Tehran arasında 7 aprel tarixində əldə olunan atəşkəsdən əvvəl baş tutub. İran rəsmilərindən biri Reuters agentliyinə bildirib ki, əldə olunan anlaşmanın məqsədi hərbi əməliyyatların dayandırılması, qarşılıqlı maraqların qorunması və regionda gərginliyin daha da artmasının qarşısını almaq olub.

Reuters qeyd edir ki, diplomatik təmaslardan sonra Səudiyyə Ərəbistanına qarşı hücumların sayı kəskin şəkildə azalıb. Belə ki, 25–31 mart tarixlərində qeydə alınan 105-dən çox raket və pilotsuz aparat hücumu 1–6 aprel dövründə 25-dən bir qədər çox hücumadək enib.

Qərb mənbələri həmçinin bildiriblər ki, daha geniş atəşkəsdən əvvəlki son günlərdə bəzi raket və pilotsuz aparat hücumları birbaşa İran ərazisindən deyil, İraq ərazisindən həyata keçirilib.

Agentliyin məlumatına görə, gizli Səudiyyə hücumları uzun müddət ictimaiyyətə açıqlanmayan daha geniş regional qarşıdurmanın tərkib hissəsi olub. ABŞ və İsrailin 28 fevral tarixində İrana endirdiyi zərbələrdən sonra Tehran Fars körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına daxil olan bütün altı ölkəyə qarşı hücumlar həyata keçirib.

Bu hücumların ABŞ hərbi bazalarını, hava limanlarını, mülki obyektləri və neft infrastrukturunu hədəf aldığı bildirilir.

“The Wall Street Journal” nəşrinin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri də İrana qarşı müəyyən hərbi əməliyyatlarda iştirak edib. Lakin nəşr qeyd edir ki, Əbu-Dabi daha sərt mövqe tutduğu halda, Səudiyyə Ərəbistanı hərbi cavab tədbirlərini diplomatik kanallarla paralel aparmağa çalışıb.

Analitiklər hesab edirlər ki, Ər-Riyad və Tehran arasında yaranan bu qeyri-rəsmi anlaşma regionda tammiqyaslı müharibə riskinin müvəqqəti azalmasına səbəb olsa da, Yaxın Şərqdə vəziyyət hələ də son dərəcə həssas olaraq qalır.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr