AZ

Toğrul İsmayıl: Minsk qrupu problemi həll etmək üçün deyil, prosesi uzatmaq üçün fəaliyyət göstərirdi

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, AZƏRTAC

ATƏT-in Minsk qrupunun fəaliyyəti artıq təkcə Qarabağ münaqişəsi kontekstində deyil, ümumilikdə beynəlxalq vasitəçilik institutlarının effektivliyi və legitimliyi baxımından ciddi şəkildə müzakirə olunur. Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışlarında səsləndirdiyi sərt və prinsipial mövqe də məhz bu reallıqdan qaynaqlanır. Çünki 30 ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri işğal altında qaldı, yüz minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətində yaşadı, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilmədi, lakin bütün bunlara baxmayaraq Minsk qrupu real nəticə ortaya qoya bilmədi. Bu isə beynəlxalq sistemin işləmə mexanizmləri ilə bağlı çox ciddi suallar yaratdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl səsləndirib.

O bildirib ki, Minsk qrupunun fəaliyyəti beynəlxalq münasibətlərdə ikili standartların necə işlədiyini göstərən ən açıq nümunələrdən biridir.

“Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa qlobal rəqabət şəraitində olsalar da, Qarabağ məsələsində status-kvonun qorunması istiqamətində müəyyən ortaq maraqlara malik idilər. Dondurulmuş münaqişələr böyük dövlətlər üçün regionlara təsir imkanlarını saxlamaq baxımından əlverişli alətlərdən biridir. Başqa sözlə, münaqişənin tam həlli bəzi güclər üçün maraqlı deyildi. Onlar problemi həll etməkdən daha çox idarə etməyə çalışırdılar. Bu da vasitəçilik institutunun neytrallığını ciddi şəkildə sual altına salırdı”, – deyə ekspert qeyd edib.

T.İsmayıl bildirib ki, xüsusilə Fransanın açıq ermənipərəst mövqeyi, ABŞ-da erməni diasporunun daxili siyasətə təsiri və Rusiyanın regiondakı hərbi-siyasi maraqları Minsk qrupunun obyektiv fəaliyyət göstərməsini mümkünsüz edib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi regionda tamamilə yeni siyasi reallıq formalaşdırdı.

“Azərbaycan faktiki olaraq 30 il ərzində icra olunmayan beynəlxalq hüquq normalarını özü həyata keçirdi. Bu, yalnız hərbi əməliyyat deyildi, beynəlxalq sistemə verilən çox ciddi siyasi mesaj idi. Azərbaycan göstərdi ki, dövlət öz ərazi bütövlüyünü təmin etmək hüququna malikdir və əgər beynəlxalq institutlar öz funksiyasını yerinə yetirmirsə, ölkələr öz təhlükəsizliklərini və suverenliyini öz gücləri hesabına təmin etməyə çalışacaqlar. Azərbaycan Vətən müharibəsində yalnız hərbi deyil, siyasi və diplomatik baxımdan da yüksək hazırlıq nümayiş etdirdi. Minsk qrupunun 30 ildə edə bilmədiyini Azərbaycan Ordusu 44 gün ərzində reallaşdırdı. Bu fakt beynəlxalq münasibətlər tarixində xüsusi yer tutur”, – deyə T.İsmayıl vurğulayıb.

O qeyd edib ki, Azərbaycan qalib tərəf kimi revanşist siyasət deyil, regional əməkdaşlıq modeli təklif etdi.

“Rəsmi Bakı kommunikasiyaların açılması, Zəngəzur dəhlizi, iqtisadi inteqrasiya və sülh müqaviləsi təşəbbüsləri ilə regionda yeni təhlükəsizlik arxitekturası formalaşdırmağa çalışdı. Bu da Azərbaycanın yalnız hərbi gücə deyil, strateji siyasi düşüncəyə sahib olduğunu göstərdi. Prezident İlham Əliyevin Minsk qrupu ilə bağlı sərt bəyanatlarının mahiyyətində də məhz bu reallıq dayanır.

Azərbaycan artıq vasitəçilik adı altında aparılan imitasiya diplomatiyasını qəbul etmir. Bakı açıq şəkildə göstərir ki, beynəlxalq hüquq selektiv şəkildə tətbiq olunmamalıdır. Əgər beynəlxalq təşkilatlar ədaləti təmin edə bilmirsə, onların legitimliyi də sual altına düşür”, – deyə professor bildirib.

T.İsmayıl vurğulayıb ki, Minsk qrupunun fəaliyyəti beynəlxalq vasitəçilik institutlarının böhranının simvoluna çevrilib.

“44 günlük Vətən müharibəsi beynəlxalq münasibətlər sistemində yeni reallıq yaratdı. Dövlətlər yalnız beynəlxalq hüququn kağız üzərində mövcudluğuna deyil, öz milli gücünə, siyasi iradəsinə və strateji imkanlarına arxalanmağa başlayırlar. Azərbaycan bu reallığı formalaşdıran əsas aktorlardan biri oldu və postmünaqişə dövründə regionun siyasi xəritəsini dəyişən dövlət kimi çıxış etdi”, – deyə türk ekspert deyib.

Müxbir - Səbinə Əlizadə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
33
azertag.az

10Mənbələr