AZ

"Minsk Qrupu keçmişin uğursuz səhifəsi kimi xatırlanır" - Bəhruz Quliyev

Yazını böyüt
Yazını kiçilt

30 ilə yaxın mandat daşıyan bir qurum nə münaqişəni həll etdi, nə də işğalın nəticələrini aradan qaldırdı"

30 ilə yaxın müddətdə Cənubi Qafqazdakı münaqişənin həlli üçün fəaliyyət göstərən ATƏT-in Minsk Qrupu illərlə aparılan danışıqlara baxmayaraq real nəticə ortaya qoya bilmədi. İşğal altındakı Azərbaycan torpaqlarının azad olunmaması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasız qalması və beynəlxalq vasitəçilərin passiv mövqeyi uzun illər regionda status-kvonun qorunmasına xidmət edən əsas amillərdən biri kimi qiymətləndirildi. 2020-ci ildə Azərbaycanın hərbi-siyasi qələbəsi isə regionda yeni reallıq formalaşdırdı və Minsk Qrupunun gələcək taleyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirdi. Məsələnin Prezident İlham Əliyevin Zəngilan səfərində bir daha önə çəkilməsi bu günün qlobal geosiyasi gərginliyi və Avropadan ölkəmizə doğru axıdılan aqressiyalar fonunda təsadüfi sayıla bilməz.

Hafta.az-ın müsahibi siyasi ekspert Bəhruz Quliyevdir.

– 30 ilə yaxın fəaliyyət göstərən ATƏT-in Minsk Qrupu niyə işğalın aradan qaldırılması istiqamətində real nəticə vermədi?

– Minsk Qrupunun əsas problemi ondan ibarət idi ki, bu format münaqişənin həllindən çox, onun idarə olunmasına xidmət edirdi. Təxminən 30 il ərzində beynəlxalq hüququn norma və prinsipləri kağız üzərində qaldı, Azərbaycan torpaqları isə işğal altında saxlanıldı. Vasitəçilik missiyası konkret nəticə verməli idi, lakin proses sonsuz danışıqlar masasına çevrildi. Nəticədə status-kvo qorundu, işğalçı tərəf isə vaxt qazandı.

– BMT Təhlükəsizlik Şurasının qətnamələri niyə icra olunmadı və həmsədrlər buna görə məsuliyyət hiss etdilərmi?

– BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən və erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələri vardı. Amma bu sənədlərin icrası üçün siyasi iradə göstərilmədi. Təəssüf ki, böyük dövlətlər selektiv yanaşma nümayiş etdirdilər. Görünən odur ki, məsuliyyət hissindən daha çox geosiyasi maraqlar üstün tutulurdu.

– Həmsədr dövlətlərin, eyni zamanda, BMT TŞ-nin daimi üzvləri olması onların məsuliyyətini daha da artırmırdımı?

– Əlbəttə artırırdı. Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa həm Minsk Qrupunun həmsədrləri, həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri idi. Bu, onlara həm siyasi təsir imkanları, həm də hüquqi məsuliyyət verirdi. Lakin imkan var idi, iradə yox idi. Məhz buna görə regionda ədalət gecikdi.

– “Münaqişənin hərbi həlli yoxdur” tezisi əslində status-kvonun qorunmasına xidmət edirdi...

– Tamamilə belə idi. Bu ifadə uzun illər Azərbaycanı haqq savaşından çəkindirmək üçün işlədilirdi. Halbuki beynəlxalq hüquq pozulmuşdu və işğal faktı mövcud idi. Əgər diplomatiya nəticə vermirsə, dövlət öz suveren hüquqlarını təmin etmək üçün başqa vasitələrə əl atır. 2020-ci ildə Azərbaycan sübut etdi ki, münaqişənin hərbi-siyasi həlli mümkündür və 44 gündə ədalət bərpa olundu.

– Ermənistanla birlikdə “Dağlıq Qarabağ” anlayışından kənara çıxaraq “Şimali Qarabağ” kimi ifadələrin ortaya atılması hansı siyasi məqsədə hesablanmışdı?

– Bu cür terminlər məqsədli informasiya manipulyasiyası idi. Məqsəd tarixi, hüquqi və coğrafi reallıqları təhrif etmək, yeni saxta narrativlər formalaşdırmaq idi. Azərbaycan əraziləri ilə bağlı süni terminologiya yaratmaq cəhdləri heç vaxt hüquqi əsas qazanmadı.

– İşğal dövründə şəhərlərimizin dağıdılması, məscidlərimizin təhqir olunması və qanunsuz məskunlaşma faktlarına beynəlxalq vasitəçilər niyə susurdu?

– Bu susqunluq ikili standartların açıq nümunəsi idi. Ağdam, Füzuli, Cəbrayıl və digər şəhərlərin viran qoyulması, dini abidələrin təhqiri, qanunsuz məskunlaşma beynəlxalq humanitar hüququn kobud pozuntuları idi. Amma vasitəçilər çox vaxt bunu görməzdən gəldilər. Bu da onların obyektivliyinə ciddi zərbə vurdu.

– Prezident İlham Əliyevin 2022-ci ildə Minsk Qrupunun həmsədrlərinə “Mən onları dəvət etməmişdim” mesajı diplomatik müstəvidə nəyi ifadə edirdi?

– Bu, çox aydın və prinsipial mesaj idi. Azərbaycan bildirdi ki, artıq köhnə, nəticəsiz və özünü doğrultmamış mexanizmlərə ehtiyac yoxdur. Münaqişə həll olunub, yeni reallıq yaranıb və regionda münasibətlər yeni əsaslarla qurulmalıdır. Bu bəyanat həm də suveren dövlət mövqeyinin nümayişi idi.

– Minsk Qrupunun fəaliyyəti diplomatiya tarixində uğursuz vasitəçilik nümunəsi kimi qalacaqmı?

– Məncə, bəli. Çünki 30 ilə yaxın mandat daşıyan bir qurum nə münaqişəni həll etdi, nə də işğalın nəticələrini aradan qaldırdı. Əksinə, proses donduruldu. Son nəticədə problemi vasitəçilər deyil, Azərbaycan özü həll etdi. Bu isə Minsk Qrupunun fiaskosunun ən böyük göstəricisidir.

– Bu gün Minsk Qrupunun tamamilə tarixə qovuşduğunu söyləmək olarmı?

– Reallıq bundan ibarətdir ki, Minsk Qrupu siyasi və praktik baxımdan artıq mövcud deyil. Onun fəaliyyəti iflic vəziyyətindədir, mandatı isə mənasını itirib. Regionda yeni geosiyasi düzən formalaşıb və Azərbaycan öz suverenliyini tam bərpa edib. Bu gün Minsk Qrupu keçmişin uğursuz səhifəsi kimi xatırlanır.

Seçilən
18
33
hafta.az

10Mənbələr