“Əl-Nəsr” ilə “Əl-Hilal” arasında keçirilən qarşılaşma zamanı tribunada yaşanan gərginlik gündəmə çevrilib.
Musavat.com xəbər verir ki, osial şəbəkələrdə yayılan görüntülərdə “Əl-Nəsr” azarkeşlərinin rəqib komandanın VIP hissəsinə hücum etdiyi iddia olunur.
Məlumata görə, insident Cristiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr”in oyunu zamanı baş verib. İddialarda bildirilir ki, bəzi azarkeşlər VIP tribunaya daxil olaraq “Əl-Hilal” tərəfdarlarına dəyənəklərlə hücum ediblər.
Yayılan kadrlarda bir qrup şəxsin VIP hissəyə doğru hərəkət etdiyi və tribunada xaos yarandığı görünür. Hadisə zamanı azarkeşlər arasında panika yaşanıb, təhlükəsizlik qüvvələri isə qısa müddətdə müdaxilə edərək vəziyyəti nəzarət altına almağa çalışıb.
Bildirilir ki, oyun ərzində iki komandanın azarkeşləri arasında gərginlik tədricən artıb. Hadisələrdən sonra tribunadakı vəziyyət daha da kəskinləşib və bəzi şəxslərin stadiondan uzaqlaşdırıldığı qeyd olunur.
Sosial mediada sürətlə yayılan görüntülər futbol ictimaiyyətində geniş rezonans doğurub. Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik ətraflı açıqlama verilməyib.