Böyük Britaniyalı həkim Şarlotta Din siqareti tərgitdikdən sonra ağciyərlərin nə dərəcədə bərpa oluna biləcəyindən danışıb.
Ölkə.az xəbər verir ki, onun sözlərini “The Guardian” nəşri yayıb.
O bildirib ki, ağciyərlər çirklənmə və infeksiyalardan sonra kifayət qədər yaxşı bərpa olunur. Buna görə də siqareti tərgitdikdə onların vəziyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşır. “Amma bu, təhlükənin tamamilə aradan qalxdığı anlamına gəlmir”, - deyə o vurğulayıb.
Mütəxəssisin sözlərinə görə, siqaret çəkmək ağciyər hüceyrələrinin mutasiyasına səbəb ola bilər. Bu isə hüceyrələrin daha tez qocalmasına, tənəffüs yolu xəstəliklərinə meylliliyin artmasına və hətta illər sonra ağciyər xərçənginin yaranmasına gətirib çıxara bilər.
Ekspert əlavə edib ki, bəzi insanlarda ağciyərlər daha zəif regenerasiya olunur və demək olar ki, bərpa edilmir.
Həkim siqareti mümkün qədər erkən tərgitməyi tövsiyə edib. O qeyd edib ki, yaş artdıqca bədənin bərpa qabiliyyəti zəifləyir. Bundan əlavə, tənəffüs sisteminin sağlamlığını qorumaq üçün idmanla məşğul olmağı məsləhət görüb.
Həmidə İbrahimova