AZ

NYT: Rusiya Ukraynada ABŞ biznesini hədəf alır, Vaşinqton isə reaksiyasız qalır

Rusiya son vaxtlar Ukraynada fəaliyyət göstərən ABŞ şirkətlərinə məxsus obyektlərə məqsədli zərbələr endirməyə başlayıb, lakin ABŞ administrasiyası bu hücumlara demək olar ki, reaksiya vermir...

Poliqon xəbər verir ki, bu barədə The New York Times yazır.

Məlumata görə, Ukraynada təxminən 120 ABŞ şirkəti fəaliyyət göstərir. Onların arasında Coca-Cola, Boeing, Mondelez və Philip Morris kimi iri korporasiyalar, həmçinin McDonald’s və böyük kənd təsərrüfatı ticarət şirkətləri var.

Məqalədə bildirilir ki, ötən yaydan etibarən hücumlar Coca-Cola, Boeing, Mondelez və Philip Morris ilə əlaqəli obyektləri də əhatə edib. Aprel ayında isə yeddi dron ardıcıl olaraq Cargill şirkətinə məxsus taxıl terminalını vurub.

Şirkətlər əksər hallarda bu hücumları açıq şəkildə bəyan etmir, çünki investorlar və sığortaçılar arasında panika yaranacağından ehtiyatlanırlar.

Bəzi ukraynalı sahibkarların fikrincə, bu hücumlar ümumi iqtisadi infrastrukturu zəiflətməyə yönəlib. Digərləri isə Rusiyanın məqsədinin ABŞ investisiyalarını Ukraynadan çəkindirmək olduğunu düşünür.

NYT yazır ki, ABŞ administrasiyası hücumlara sərt reaksiya verməyib. Bu il Ukraynadan verilən məlumatlara baxmayaraq, Vaşinqton rəsmi şəkildə heç bir hücumu açıq şəkildə pisləməyib.

Eyni zamanda ABŞ tərəfi Ukraynaya Rusiya neft infrastrukturuna zərbələr endirməkdən çəkinməyi tövsiyə edib.

Amerika Ticarət Palatasının rəhbəri bildirib ki, Rusiya “ABŞ biznesini qorxudaraq Ukraynadan çıxarmağa çalışır”.

Məqaləyə görə, 2025-ci ildən etibarən ABŞ şirkətlərinə qarşı hücumlar daha sistemli xarakter alıb. Boeing-in Kiyevdəki zavodu, eləcə də Flex şirkətinin qərbi Ukraynadakı müəssisəsi zədələnib.

Ən diqqətçəkən hadisələrdən biri Coca-Cola zavoduna edilən hücum olub. Müəssisə bir neçə dəfə dron və raket hücumlarına məruz qalıb.

Ekspertlərin fikrincə, bu hücumların məqsədi Ukraynada biznes üçün riskləri artırmaq və xarici investisiyaları azaltmaqdır. Bəzi rəsmilər isə bunu ABŞ-Ukrayna iqtisadi yaxınlaşmasını zəiflətmək cəhdi kimi qiymətləndirir.

Eyni zamanda ABŞ-ın Rusiya ilə atəşkəs və sanksiyaların yumşaldılması üzrə danışıqlar aparması da Kiyevdə narahatlıq doğurur. Ukrayna tərəfi bu mümkün razılaşmalarda təhlükəsizlik zəmanətlərinin olmamasını əsas problem kimi görür.

Poliqon.info

Seçilən
28
poliqon.info

1Mənbələr