Nigeriyada yayılan “Lassa qızdırması” ilə bağlı vəziyyət ağırlaşmaqda davam edir. Rəsmi məlumatlara görə, ilin əvvəlindən indiyədək virus səbəbindən həyatını itirənlərin sayı 190 nəfərə yüksəlib. Xəstəliyin siçanlar vasitəsilə sürətlə yayıldıdığı qeyd olunub. Metbuat.az xəbər verir ki, Nigeriyanın Xəstəliklərə Nəzarət İdarəsinin yaydığı açıqlamaya görə, ölkənin müxtəlif bölgələrində “Lassa qızdırması” halları qeydə alınıb. Bildirilib ki, ölüm faizi ötən ilin eyni dövrü ilə müqayisədə ciddi şəkildə artaraq 25,2 faizə çatıb. Səhiyyə qurumları xəstələrin gec müraciət etməsi və bəzi halların vaxtında aşkarlanmamasından narahatdır. Məlumata görə, virus əsasən siçan və digər gəmiricilərin ifrazatı ilə təmas nəticəsində insanlara keçir. Xəstəlik sonradan insandan insana da yoluxur və ağır hallarda ölümcül qızdırmaya səbəb olur. Nigeriya hökuməti və beynəlxalq səhiyyə qurumları əhalini gigiyena qaydalarına ciddi əməl etməyə və gəmiricilərlə təmasdan uzaq durmağa çağırıb. Qeyd edək ki, “Lassa qızdırması” ilk dəfə 1969-cu ildə Nigeriyada aşkarlanıb. Hazırda virus Mali, Qana, Liberiya və Sierra Leone kimi Afrika ölkələrində də yayılıb.