AZ

Ermənistanın asılı siyasət modeli: müstəqillik görüntüsü və reallıq

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ermənistanın siyasi davranışları uzun illərdir ki, müstəqil və dayanıqlı dövlət modelindən daha çox xarici güclərin təsir dairəsində formalaşan asılı siyasət obrazı ilə xarakterizə olunur. Tarixi proseslər göstərir ki, bu ölkə tez-tez öz siyasi kursunu daxili institutlardan çox xarici himayədarların maraqlarına uyğunlaşdırmağa məcbur qalıb. Müasir mərhələdə isə bu asılılıq müxtəlif güc mərkəzləri vasitəsilə yenidən özünü göstərir və regionda Ermənistanın geosiyasi alətə çevrilməsi tendensiyasını gücləndirir. Xüsusilə Fransanın neokolonialist yanaşmalarını Qafqaz mühitinə daşımaq cəhdləri Ermənistanın bu prosesdə vasitə rolunda istifadə olunması ilə bağlı müzakirələri daha da aktuallaşdırır.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dünya tarixində hər bir dövlətin təşəkkülü, mövcudluğu və inkişafı ilə bağlı kifayət qədər faktlar mövcuddur və siyasi tarixdə hər xalqın öz imici formalaşıb. Onun sözlərinə görə, Azərbaycan qədim dövlətçilik ənənələrinə malik ölkədir və 1918-ci ildə Şərqdə ilk demokratik respublikanı qurmuş xalqdır.

Deputat qeyd edib ki, Ermənistanın Cənubi Qafqazda hansı məqsədlərlə formalaşdırıldığı və hansı böyük geosiyasi planların tərkib hissəsi olduğu təkcə Azərbaycana deyil, beynəlxalq ictimaiyyətə də məlumdur. Onun fikrincə, Ermənistan uzun illər ərzində böyük güclərin regional siyasət aləti kimi fəaliyyət göstərib və bu xətt sonrakı dövrlərdə də davam edib.

Azər Badamov əlavə edib ki, Nikol Paşinyana qədər Ermənistanın siyasi kursu daha çox Rusiya yönümlü olub, son dövrlərdə isə Qərb institutları ilə münasibətlər dərinləşdirilib. Lakin Ermənistan rəhbərliyi eyni zamanda Rusiya ilə açıq qarşıdurmadan da çəkinməyə çalışıb və balans siyasəti aparmağa məcbur qalıb.

Deputatın sözlərinə görə, hazırda Fransanın Ermənistana açıq siyasi dəstəyi İrəvanın daha çox Parisin təsir dairəsinə yönəldiyini göstərir. O bildirib ki, Ermənistan tarixən özünə xarici himayədar axtarma tendensiyası ilə seçilib və bu gün də fərqli güc mərkəzlərinin təsiri altında siyasət formalaşdırmağa çalışır.

Onun fikrincə, Fransa müstəmləkəçilik siyasətinin elementlərini yeni geosiyasi şəraitə uyğun şəkildə davam etdirməyə çalışır və Ermənistanı bu prosesdə vasitə kimi istifadə edir. Bu isə regionda sülh prosesinə mənfi təsir göstərən amillərdən biri kimi qiymətləndirilir.

Azər Badamov vurğulayıb ki, sülh gündəliyinin irəliləməsi bəzi xarici qüvvələrin təsir imkanlarını məhdudlaşdırdığı üçün onlar Ermənistan vasitəsilə proseslərə müdaxilə etməyə çalışırlar. Onun sözlərinə görə, bu vəziyyət Ermənistanın hələ də tam müstəqil dövlətçilik modelinə sahib olmadığını göstərir.

Deputat əlavə edib ki, Ermənistan tarixən sabit və müstəqil dövlətçilik ənənəsi formalaşdıra bilməyib və bu amil onun siyasi davranışlarında bu gün də özünü göstərir.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
88
bizimyol.info

1Mənbələr