AZ

Zelenskinin keçmiş aparat rəhbəri iri korrupsiya istintaqının fiqurantına çevrilib

Ukraynanın antikorrupsiya orqanları Andrey Yermaka rəsmi şəkildə şübhəli şəxs statusu verib...

Müəliif: Kristofer Miller
The Financial Times nəşri, Böyük Britaniya

Ukrayna hakimiyyəti Prezident Volodimir Zelenskinin keçmiş aparat rəhbəri Andrey Yermak barədə korrupsiya araşdırması çərçivəsində rəsmi şübhə bildirişi təqdim edib. Nəşrə məlumat verən antikorrupsiya qurumlarının nümayəndələrinin sözlərinə görə, istintaq prezidentin yaxın çevrəsini əhatə edir.

Bildirilir ki, bazar ertəsi Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğunun (SAP) əməkdaşları Yermaka onun genişlənən korrupsiya araşdırması üzrə şübhəli şəxs olduğunu bildirən rəsmi sənədi təqdim ediblər.

Qeyd olunur ki, “şübhə bildirişi” prosessual addım hesab olunur və bu, hələ məhkəmə ittihamı demək deyil. Lakin həmin qərar rəsmi cinayət təqibindən əvvəlki mərhələ sayılır.

Kiyevdə mülklərində aparılan axtarışlar fonunda jurnalistlərin suallarını cavablandıran Yermak bildirib ki, “istintaq başa çatdıqdan sonra məsələyə münasibət bildirəcək”. Prezident Ofisinin yüksək vəzifəli əməkdaşlarından biri isə qeyd edib ki, bu qərar “uzun hüquqi prosesin başlanğıcıdır və yekun qərarı məhkəmə verəcək”.

Hadisələrin bu cür inkişafı Ukrayna üçün kritik bir mərhələdə Zelenski ətrafında narahatlıqları daha da artırır. Belə ki, Ukrayna Prezidenti bir tərəfdən Avropa İttifaqına üzvlük məqsədilə hökumətinin korrupsiyaya qarşı mübarizə apardığını Avropa müttəfiqlərinə nümayiş etdirməyə çalışır, digər tərəfdən isə ABŞ Prezidenti ilə münasibətləri gücləndirərək Rusiyanı sülh danışıqlarına sövq etməyə çalışır.

Axtarışlar ötən il başlanmış və Zelenski administrasiyasını əhatə edən “Midas əməliyyatı” adlı iri korrupsiya istintaqının davamıdır. Həmin araşdırma çərçivəsində Yermak da daxil olmaqla prezidentin bir sıra yaxın müttəfiqləri ötən ilin noyabrında istefa verib və ya vəzifədən uzaqlaşdırılıb.

Araşdırma çərçivəsində Zelenskinin keçmiş biznes tərəfdaşı Timur Mindiç barəsində də həbs qərarı çıxarıldığı, onun isə daha sonra ölkəni tərk etdiyi bildirilir. Mindiç ittihamları rədd edir.

Zelenski bir vaxtlar Yermaka o qədər güvənirdi ki, onlar faktiki olaraq ayrılmaz hesab olunurdular. Ukraynalı və Qərb rəsmiləri zarafatla onu “ölkənin seçilməmiş vitse-prezidenti” adlandırırdılar. Yermakın sülh planlarının hazırlanmasında, Nazirlər Kabinetinin formalaşdırılmasında və hətta döyüş meydanındakı qərarlarda hərbi generalları kənarda qoyaraq əsas rol oynadığı vurğulanır.

Genişlənən korrupsiya işi əsasən Ukraynanın dövlət atom enerji şirkəti Enerqoatom ətrafında cəmləşib və Zelenskinin hakimiyyətdə olduğu son yeddi ilin ən böyük istintaqı hesab olunur.

Şübhəli şəxslər arasında keçmiş baş nazir müavini Aleksey Çernışov və keçmiş energetika və ədliyyə naziri German Qaluşenko da var. Hər iki şəxs ötən il NABU və SAP tərəfindən araşdırma dərinləşdirildikdən sonra vəzifədən uzaqlaşdırılıb. Onlar da ittihamları qəbul etmirlər.

NABU və SAP-ın iddiasına görə, şübhəlilər “cinayətkar qrup” yaradaraq Çernışova Kiyev yaxınlığında yerləşən dəbdəbəli evlərin tikintisi üçün təxminən 10,4 milyon dollar vəsait yönəldiblər. Həmin evlərdən birinin Yermak üçün nəzərdə tutulduğu bildirilir.

Bazar ertəsi gecə saatlarında NABU və SAP bəyan edib ki, “təxirəsalınmaz istintaq hərəkətləri” davam etdirilir.

Ötən ilin iyulunda Yermak Prezident Ofisinin NABU və SAP-ın müstəqilliyini məhdudlaşdıraraq onları Zelenskinin təyin etdiyi baş prokurorun nəzarətinə verməsi təşəbbüsünü təşkil etmişdi.

2013–2014-cü illərdəki “Avromaydan” inqilabından sonra Ukraynanın Avropa İttifaqına inteqrasiyasına dəstək məqsədilə yaradılan bu qurumlara qarşı addım cəmiyyətdə ciddi narazılıq və ümummilli etiraz aksiyaları doğurmuşdu. Nəticədə Prezident Ofisi geri addım atmağa məcbur olmuşdu.

Poliqon.info

Seçilən
54
1
poliqon.info

2Mənbələr