AZ

Moskva Cənubi Qafqaz üzrə “3+3” formatında əlaqələrin davam etdirilməsində maraqlıdır - Rusiya XİN

“Rusiya Cənubi Qafqaz üzrə “3+3” formatında əlaqələrin davam etdirilməsində maraqlıdır və ümid edir ki, bu platforma ən qısa müddətdə tam şəkildə işini bərpa edəcək”.

Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Dördüncü MDB Departamentinin direktoru Mixail Kaluqin deyib.

O bildirib ki, Azərbaycan, Ermənistan, Gürcüstan, eləcə də Rusiya, İran və Türkiyəni əhatə edən “3+3” formatı “regional məsuliyyət” prinsipi əsasında Cənubi Qafqaz dövlətləri ilə onların yaxın qonşuları arasında əməkdaşlığın qurulması üçün mühüm vasitədir.

Kaluqin əlavə edib ki, Rusiya platformanın tam şəkildə işləməsinin mümkün qədər tez bərpa olunacağını gözləyir.

Onun sözlərinə görə, regional məsuliyyət prinsipi bütün regional oyunçuların maraqlarına cavab verən qarşılıqlı faydalı və perspektivli layihələr üzrə razılaşmanı, qərarların xarici təzyiq olmadan, xarici qüvvələr tərəfindən tətbiq edilən gündəlik olmadan qəbul edilməsini nəzərdə tutur.

Kalugin qeyd edib ki, söhbət bölücü xətlər qurmamaqdan, regiondakı heç bir ölkənin ziyanına işləməməkdən gedir. Yalnız belə bir əsasda Cənubi Qafqazda təhlükəsizlik və iqtisadi rifah, real və uzunmüddətli sülh həqiqətən təmin edilə bilər.

O, həmçinin xatırladıb ki, “3+3” platformasının təsis iclası 2021-ci ilin dekabr ayında Moskvada keçirilib və bu formatın təşəbbüskarları Azərbaycan və Türkiyə olub.

Kaluqin bəyan edib ki, 2023-cü ilin oktyabr ayında xarici işlər nazirləri Tehranda birgə iclas keçiriblər. 2024-cü ilin oktyabr ayında İstanbulda keçirilən nazirlər görüşündə nəqliyyat, enerji və mədəniyyət sahələrində əməkdaşlığın konkret məsələlərinin müzakirəsinə başlamaq barədə razılıq əldə edilib.

Bununla əlaqədar olaraq, Rusiya XİN rəsmisi bildirib ki, bu gün Gürcüstan da daxil olmaqla, iştirakçı ölkələrin aparıcı politoloqlarının iştirakı ilə "3+3"-ün fəaliyyətindəki əsas və problemli məsələləri müzakirə etmək üçün ekspert "yol xəritəsi"nin işə salınması üçün fəal hazırlıqlar aparılır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
108
missiya.az

1Mənbələr