AZ

“Invision Design Talks 2” Bakıda memarlıq və dizaynın gələcəyini bir araya gətirdi

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

11 may 2026-cı il tarixində Bakı Konqres Mərkəzində “Invision Design Talks 2” tədbiri keçirilib. Memarlıq və dizayn sahəsinin aparıcı simalarını bir araya gətirən bu platforma, müasir yanaşmaların, innovativ ideyaların və gələcəyin dizayn trendlərinin müzakirəsi üçün xüsusi bir mühit yaradıb.

“Dizaynın daxildən formalaşdırılması” konsepti ilə təşkil olunan tədbir çərçivəsində beynəlxalq və yerli mütəxəssislər çıxış ediblər. Çıxışlar zamanı memarlığın yalnız estetik deyil, həm də funksional və düşüncə əsaslı bir proses olduğu vurğulanıb.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxışında bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra Türkiyə strateji baxımdan daha da əhəmiyyətli bir mövqeyə yüksəlib. Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında Qarabağ zəfərindən sonra formalaşan yaxınlıq və həmrəylik bu gün artıq müstəsna səviyyəyə çatıb və prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bu birlik modeli ilə dünyaya nümunə olublar.

Səfir qeyd edib ki, bu əməkdaşlıq təkcə iki ölkə ilə məhdudlaşmır, eyni zamanda türk dünyası ölkələri arasında da yeni bir inteqrasiya prosesini gücləndirib. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı bu gün artıq daha geniş bir çətir rolunu oynayır və ortaq mədəni-siyasi bağları gücləndirən mühüm platformaya çevrilib. O əlavə edib ki, 2026-cı il bu baxımdan yeni mərhələlərin başlanğıcı kimi qiymətləndirilir.

Birol Akgün həmçinin bildirib ki, yaxın günlərdə — 17–22 may tarixlərində Bakıda Dünya Şəhərsalma Konfransı keçiriləcək. Onun fikrincə, memarlıq və şəhərsalma sahəsində yeni yanaşmalar həm keçmişin irsini qorumağa, həm də gələcəyin ortaq vizionunu formalaşdırmağa xidmət edir.

Daha sonra Seranit şirkətinin rəhbəri Ufuk Polat çıxış edərək qeyd edib ki, ötən il keçirilən görüşlər dizayn və yaradıcı ideyaların insanları bir araya gətirmə gücünü bir daha ortaya qoyub. Onun sözlərinə görə, əldə olunan rəylər və təcrübə bu ilki tədbirin formalaşmasında mühüm rol oynayıb. O vurğulayıb ki, əsas məqsəd bu platformanı sadəcə bir tədbir deyil, Türkiyə və Azərbaycan arasında dizayn və memarlıq sahəsində davamlı fikir mübadiləsinə çevirməkdir.

“Sinerjipro” şirkətinin rəhbəri Ufuk Aydın da tədbir barədə fikirlərini bölüşüb.

Spikerlər sırasında Sinan Kafadar (Metex Mimarlık), Sefer Çağlar (Autoban Mimarlık), Yeşeren Ersan (Yes Architects) və Tusi Aliyev (PBA) yer alıb. Panelin moderatorluğu Prof. Dr. Osman Arayıcı tərəfindən həyata keçirilib. Çıxış edən hər bir spiker öz təcrübəsi fonunda dizaynın gələcəyinə dair fərqli yanaşmalar təqdim edib, memarlıq və şəhərsalmada yeni tendensiyalara diqqət çəkib.

“Invision Design Talks 2” tədbiri bu il Seranit Azərbaycan və Sinerji Pro-nun birgə əməkdaşlığı çərçivəsində reallaşıb. Bu əməkdaşlıq tədbirin miqyasını genişləndirərək, dizayn və memarlıq sahəsində yeni əməkdaşlıq və ideya mübadiləsi imkanlarının yaranmasına töhfə verib.

Tədbir iştirakçıları çıxışlar vasitəsilə dizaynın gələcəyinə dair yeni baxışlar əldə edib, sahədəki son trendlərlə tanış olub və peşəkar şəbəkələrini genişləndirmək imkanı qazanıblar.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
bizimyol.info

1Mənbələr