AZ

Rusiya XİN: Cənubi Qafqaz Rusiya üçün həyati əhəmiyyət daşıyır...

Moskva regionun sabitliyi və iqtisadi inkişafını öz strateji maraqlarının mərkəzində görür...

Poliqon xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin Cənubi Qafqazın Rusiya üçün həyati əhəmiyyət daşıdığını və Moskvanın regiondakı proseslərlə sıx bağlı olduğunu bəyan edib.

Diplomat TASS Agentliyinə verdiyi müsahibədə bildirib ki, Rusiya təkcə qonşu dövlət deyil, həm də Qafqaz ölkələrindən biri kimi regionla tarixi və mədəni bağlara malikdir. Onun sözlərinə görə, regiondakı beş respublikadan dördü ilə Rusiya arasında müttəfiqlik münasibətləri mövcuddur.

Kaluqin qeyd edib ki, Cənubi Qafqaz ölkələrinin hər biri üçün Rusiya əsas və ya əsas ticarət tərəfdaşlarından biridir. O, həmçinin vurğulayıb ki, regiondan keçən nəqliyyat marşrutları Rusiya üçün strateji əhəmiyyət daşıyır və bu ərazidə baş verən proseslər Şimali Qafqazdakı vəziyyətə də birbaşa təsir göstərir.

Diplomatın sözlərinə görə, Moskvanın əsas marağı regionun inkişafı, iqtisadi potensialın açılması və burada “sabitlik və sülh zonası”nın yaradılmasıdır. O əlavə edib ki, regionun rifahı Rusiyanın da iqtisadi maraqlarına xidmət edir.

Kaluqin bildirib ki, Rusiya ardıcıl şəkildə regionda silahlı münaqişələrin qarşısının alınmasının tərəfdarıdır, blokadaların aradan qaldırılmasını dəstəkləyir və ölkələr arasında regional əlaqələrin gücləndirilməsi üçün çalışır. Onun fikrincə, Cənubi Qafqaz ölkələri öz coğrafi mövqelərinin iqtisadi üstünlüklərindən daha effektiv istifadə etməlidirlər.

O, həmçinin qeyd edib ki, 2020-ci ildə Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması üçün şəxsi səylər göstərib və bu proses Bakı ilə İrəvan arasında sülh gündəliyinin formalaşmasına əsas yaradıb.

Kaluqin əlavə edib ki, sonrakı illərdə proses bir neçə mərhələdən keçsə də, ümumilikdə 2020–2022-ci illərdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə edilən razılaşmalar əsasında formalaşmış yol xəritəsinə uyğun davam edir.

Moskva rəsmisi sonda bildirib ki, Rusiya regionda iqtisadi əməkdaşlıq və siyasi sabitliyin gücləndirilməsini öz strateji maraqlarının tərkib hissəsi kimi görür və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Poliqon.info

Seçilən
74
poliqon.info

1Mənbələr