Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti Çernobıl təcrid zonasında böyük meşə yanğını baş verdiyini bildirib.
Publika.az xəbər verir ki, Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, güclü külək əsməsi səbəbindən yanğın sürətlə əraziyə yayılır və meşənin yeni hissələrini əhatə edir. Yanğının təxmini sahəsi 1100 hektardan çoxdur.
Agentlik qeyd edib ki, vəziyyət quru hava, güclü külək və müəyyən ərazilərdə mina təhlükəsi ilə çətinləşir. Dövlət Fövqəladə Hallar Xidməti bildirib ki, bütün bunlar yanğınsöndürmə işlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bəzi meşəlik ərazilərdə partlayıcı təhlükəsi səbəbindən yanğınsöndürmə müvəqqəti olaraq dayandırılıb.
Yanğının söndürülməsinə Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri, xüsusi texnikası və digər xidmətlər cəlb olunub. Xilasedicilər gücləndirilmiş iş rejimində çalışır, yanğın mənbələrini lokallaşdırır və onun daha da yayılmasının qarşısını alır.
