AZ

Rubio Ukrayna üzrə danışıqlardan kənarlaşdırılıb

ABŞ-ın NATO yanında keçmiş səfiri İvo Daalder Prezident Donald Tramp administrasiyasının xarici siyasətini sərt tənqid edərək bildirib ki, Vaşinqtonun Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı diplomatik səyləri faktiki olaraq uğursuzluğa düçar olub...

Poliqon-nun məlumatına görə, Daalder Politico üçün yazdığı köşə məqaləsində vurğulayıb ki, ABŞ dövlət katibi Marko Rubio Ukraynadakı müharibənin dayandırılması cəhdlərində aparıcı rol oynamır, halbuki bu, onun birbaşa vəzifələrinə daxildir. Eyni vəziyyət İranla bağlı məsələlərdə və digər xarici siyasət proseslərində də müşahidə olunur.

Daalder xatırladıb ki, Tramp müharibəni bir günə bitirmək vədi vermişdi, lakin onun Ağ Evə qayıdışından sonra döyüş əməliyyatları daha da şiddətlənib. Diplomatın sözlərinə görə, Ukrayna ilə bağlı danışıqlar xaotik və qeyri-effektiv olaraq qalır, real diplomatiyanı isə qeyri-rəsmi danışıqlar aparan şəxslər əvəz edib.

"Trampın bir günə bitirəcəyini vəd etdiyi Ukrayna müharibəsi onun vəzifəyə başlamasından sonra daha da güclənib", deyə Daalder qeyd edib.

Müəllif diqqətə çatdırıb ki, Ukrayna ilə bağlı danışıqlarda əsas rolu ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner alıb. Daalderin fikrincə, onların heç biri bu miqyaslı münaqişələrin həlli üçün kifayət qədər diplomatik təcrübəyə malik deyil.

O bildirib ki, danışıqlar çoxsəhifəli planlar və müxtəlif cür şərh oluna bilən qeyri-müəyyən maddələrlə daşınmaz əmlak sövdələşmələrini xatırlatmağa başlayıb.

Keçmiş səfir həmçinin bildirib ki, ABŞ Dövlət Departamenti faktiki olaraq beynəlxalq proseslərə real təsir imkanlarından uzaqlaşdırılıb. Onun sözlərinə görə, bir çox təcrübəli diplomat işdən çıxarılıb və ya istefa verib, qurum daxilində mənəvi vəziyyət isə ciddi şəkildə pisləşib.

"Həqiqi diplomatiyanı dərin bilik və bütöv bir qurumun təcrübəsi ilə dəstəklənən peşəkar diplomatlar aparmalıdır. Lakin Rubionun rəhbərlik etdiyi Dövlət Departamenti ikinci plana keçirilib... Aparıcı diplomatlar ya işdən çıxarılıb, ya da istefa veriblər. Mənəvi ruh sarsılıb", deyə müəllif yazıb.

Daalder Rubionun həm dövlət katibi, həm də ABŞ-ın milli təhlükəsizlik müşaviri vəzifələrini eyni vaxtda icra etməsini ayrıca tənqid edib. Onun fikrincə, bir nəfər hər iki funksiyanı effektiv şəkildə yerinə yetirə bilməz.

Daalder hesab edir ki, aydın koordinasiyanın olmaması səbəbindən ABŞ xarici siyasəti getdikcə daha qeyri-ardıcıl xarakter alır və bu, birbaşa Ukraynadakı müharibəyə təsir göstərir.

O, buna nümunə kimi Rubionun İranla bağlı müharibə barədə ziddiyyətli açıqlamalarını göstərib. Belə ki, dövlət katibi münaqişənin "başa çatdığını" elan etdikdən cəmi bir gün sonra Tramp onun yenidən başlanacağı ilə hədələyib. Diplomatın fikrincə, bu cür qarışıqlıq ABŞ-də qərar qəbuletmə sistemində ciddi problemlərin olduğunu göstərir.

Poliqon.info

Seçilən
39
poliqon.info

1Mənbələr