Dermatoloq Leriya Barrutiya bildirib ki, bir çox insan saç baxımı zamanı şampun və kondisionerdən düzgün istifadə etmir.
Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda aif.ru-ya danışıb.
Həkimin sözlərinə görə, ilk səhv şampunun bütün saç boyunca çəkilməsidir. O qeyd edib ki, şampun əsasən baş dərisinə tətbiq olunmalıdır. Çünki yaxalama zamanı saç uclarına çatan köpük onları təmizləmək üçün kifayət edir. Əks halda saçlarda quruluq və qıvrılma arta bilər.
Dermatoloq həmçinin vurğulayıb ki, kondisioner və saç maskaları yalnız saç uclarına çəkilməlidir. Onun fikrincə, bu vasitələrin baş dərisinə tətbiqi yağ ifrazını artıra və seboreik dermatitə səbəb ola bilər.
Barrutia saç yuyarkən çox isti sudan istifadənin də zərərli olduğunu bildirib. Mütəxəssis qeyd edib ki, isti su saçların zəifləməsinə və zədələnməsinə gətirib çıxarır.
Aytəkin TOFİQQIZI