Hörmüz boğazı ətrafında gərginlik yenidən artaraq genişmiqyaslı müharibə riskini gücləndirir. Körfəz bölgəsində əldə olunmuş atəşkəs artıq dörd həftədir qüvvədə olsa da, tərəflər arasında qarşılıqlı təzyiqlər bu razılaşmanı ciddi təhlükə altına salır.
“BBC” xəbər verir ki, diplomatik səylər çərçivəsində keçirilən görüşlər nəticəsiz qalıb. Tərəflər razılığa gəlmək istəsələr də, fərqli şərtlər və sərt mövqelər kompromisə mane olur. Analitiklər hesab edirlər ki, qarşılıqlı güzəştlər olmadığı halda hərbi əməliyyatların yenidən başlaması ehtimalı yüksəkdir.
Böhranın əsas nöqtəsi Hörmüz boğazına nəzarətdir. Əvvəllər beynəlxalq gəmilər üçün açıq olan bu strateji su yolu indi məhdudiyyətlər və potensial rüsumlarla gündəmdədir. Bu isə qlobal iqtisadiyyata ciddi təsir göstərir. Enerji daşıyıcılarının, həmçinin sənaye və kənd təsərrüfatı üçün vacib xammalın çatışmazlığı artıq müxtəlif ölkələrdə hiss olunmağa başlayıb. Regionda hərbi gəmilərin müşayiəti və qarşılıqlı hərəkətlər gərginliyi daha da artırır. Səhv hesablamalar və yanlış qərarlar vəziyyəti sürətlə nəzarətdən çıxara bilər. Körfəz ölkələri də artan risklər səbəbindən təhlükəsizlik tədbirlərini gücləndirir. Xüsusilə strateji limanlar və enerji infrastrukturu potensial hədəf kimi qiymətləndirilir. Bəzi dövlətlər birbaşa qarşıdurmadan yayınmağa çalışsa da, vəziyyətin dəyişməsi onların siyasətinə də təsir edə bilər.
Mövcud vəziyyət həm regional sabitlik, həm də qlobal iqtisadi təhlükəsizlik baxımından son dərəcə həssasdır.
Təhminə VERDİYEVA,
“Azərbaycan”