AZ

Ankara Musiqi və Təsviri Sənət Universitetində Muğam Günləri

ain.az bildirir, Azertag portalına istinadən.

Ankara, 6 may, AZƏRTAC

Ankara Musiqi və Təsviri Sənət Universitetində (MGÜ) ustad dərsləri və Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsertin təşkil olunduğu Muğam Günləri keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Əməkdar artisti və Milli Konservatoriyanın dosenti Təyyar Bayramov, Beynəlxalq Muğam Mərkəzinin solisti, Milli Konservatoriyanın müəllimi, tarzən Rəşad İbrahimov, kamança ustası Təbriz Yusubov və nağara ifaçısı Vüsal Bayramov muğam sənətində təcrübə və biliklərini paytaxt universitetinin tələbələri ilə bölüşüblər.

T. Bayramov qeyd edib ki, Ankaraya səfər Azərbaycan Milli Konservatoriyası ilə MGÜ arasında imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində təşkil olunub.

“Hər birimiz MGÜ tələbələri üçün fərdi ustad dərsləri keçirdik. Tələbələr arasında çoxlu istedadlı vokalçı var. Ümid edirəm ki, bu tələbələrin hamısı gələcəkdə yaxşı nəticələr göstərəcək”, - deyə Azərbaycanın Əməkdar artisti qeyd edib.

O, universitetdə muğamı öyrənmək üçün ayrıca qrupun yaradılması ideyasını dəstəklədiyinə görə MGÜ rəhbərliyinə minnətdarlığını bildirib.

Xanəndə Ankaradakı universitetin tələbələrinin Azərbaycan Milli Konservatoriyasında konsert proqramı ilə çıxış edəcəyini istisna etməyib.

Beynəlxalq Muğam Mərkəzinin solisti və Milli Konservatoriyanın professoru Rəşad İbrahimov isə qardaş Türkiyədə muğam sənətinin hərtərəfli təbliğinin vacibliyini qeyd edərək bildirib ki, bu sahədə mübadilə proqramlarını imkanı daxilində dəstəkləməyə hazırdır.

“Biz Türkiyədə muğamın öyrənilməsini daha çox təşviq etməyə hazırıq. Azərbaycan xalq musiqisini sevənlərin hamısını Bakıya dəvət etmək istəyirik”, - deyə Rəşad İbrahimov bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
azertag.az

1Mənbələr