AZ

Yaşlanmanı ləngitmək və sağlamlığı yaxşılaşdırmaq üçün qeyri-adi üsul müəyyən edilib

Səyahət sağlamlığa müsbət təsir göstərə və yaşlanmanın bəzi aspektlərini potensial olaraq ləngidə bilər.

Editor.az xəbər verir ki, bu nəticəyə Edith Cowan Universitetinin alimləri gəliblər. Tədqiqatçılar entropiya nəzəriyyəsini turizm sahəsinə tətbiq edərək bu qənaəti əldə ediblər. Araşdırmanın nəticələri Journal of Travel Research jurnalında dərc olunub.

Alimlər hesab edirlər ki, müsbət səyahət təcrübələri orqanizmdə “entropiya”nı — yəni nizamsızlığa və qeyri-sabitliyə səbəb olan prosesləri — azalda bilər. Tədqiqatçı Fangli Hunun sözlərinə görə, yeni təcrübələr, fiziki aktivlik və sosial ünsiyyət ümumi rifahı artırır və bədəndə tarazlığın qorunmasına kömək edir.

Səyahət bir çox sağlamlıq faydasını özündə birləşdirir. Mühitin dəyişməsi beyin fəaliyyətini və maddələr mübadiləsini stimullaşdırır. Gəzinti və təbiət yürüşləri kimi fiziki aktivliklər qan dövranını və əzələ funksiyalarını yaxşılaşdırır. Müsbət emosiyalar və rahatlama isə xroniki stresin azalmasına yardım edir.

Müəlliflərin fikrincə, bu təsirlər immun sistemini gücləndirə və toxumaların bərpası proseslərini dəstəkləyə bilər. Xüsusilə, səyahət zamanı orta səviyyəli fiziki aktivlik sümükləri və oynaqları möhkəmləndirir, həmçinin orqanizmdə qida maddələrinin daşınmasını yaxşılaşdırır.

Bununla belə, alimlər vurğulayırlar ki, hər səyahət faydalı deyil. Təhlükəsiz olmayan şərait, infeksiyalar, zədələr və ya stres əksinə, sağlamlığa mənfi təsir göstərə bilər. COVID-19 pandemiyası səyahətlə bağlı risklərin bariz nümunəsi kimi qeyd olunur.

Tədqiqatçılar “səyahət terapiyası” adlandırılan bu yanaşmanın perspektivli olduğunu hesab etsələr də, araşdırma hələ ilkin mərhələdədir. Təsirin miqyasını və hansı insan qrupları üçün daha əhəmiyyətli olduğunu müəyyən etmək üçün əlavə tədqiqatlara ehtiyac var.

//Gülnarə Abasova, Editor.az

Seçilən
13
41
editor.az

10Mənbələr