AZ

Avropanın diqqəti Bakıda: enerji, təhlükəsizlik və yeni siyasi reallıq

Mayın 4-də İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycana səfər edib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş keçirilib. Danışıqlarda strateji tərəfdaşlıq amili ön plana çıxıb. Bir sıra sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bu gün isə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ölkəmizə səfərə gəlib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Aİ-nin ali nümayəndəsi arasında geniştərkibli formatda görüş keçirilib. Görüş zamanı Azərbaycanla Avropa arasında dialoq mexanizmlərinin, yeni ikitərəfli saziş üzrə danışıqların bərpasının və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə aparılan danışıqların önəmi müzakirə olunub.

WhatsApp

Avropa liderlərinin Azərbaycana ardıcıl səfərləri regionun artan strateji əhəmiyyətindən xəbər verir. Xüsusilə, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri fonunda Bakı etibarlı tərəfdaş kimi ön plana çıxır. İtaliya ilə iqtisadi əməkdaşlığın dərinləşməsi və Avropa İttifaqı ilə siyasi dialoqun aktivləşməsi bu marağın konkret nəticələridir. Regionda davam edən münaqişələr fonunda Azərbaycanın rolu, təkcə iqtisadi deyil, həm də təhlükəsizlik müstəvisində genişlənir. Bu səfərlər Cənubi Qafqazın qlobal siyasi gündəliyin vacib hissəsinə çevrildiyini göstərir.

Milli Məclisin deputatı Fariz İsmayılzadə Musavat.com-a şərhində bildirib ki, Avropa İttifaqının və Avropa liderlərinin Cənubi Qafqaza marağı ildən-ilə artır.

WhatsApp

Deputat diqqətə çatdırıb ki, həm şimalda, həm də cənubda müharibələrin davam etdiyi bir zamanda Cənubi Qafqaz ən etibarlı enerji və nəqliyyat partnyoru kimi ortaya çıxıb:

“Təbii ki, söhbət həm enerji və nəqliyyat dəhlizlərinin möhkəmləndirilməsi, ticari əlaqələrin gücləndirilməsi, rolunun artırılması, həm də yeni investisiya layihələrinin icrasından gedir. Azərbaycan İtaliyada yeni layihələrə başlayıb. SOCAR-ın İtaliyada yeni investisiyaları var. Ümumilikdə neft, hərbi-müdafiə sənayesində yeni layihələr gündəmdədir, o cümlədən yeni əməkdaşlıq istiqamətləri müəyyən edilib. Kaya Kallasın səfərinin Ciorcia Meloninin səfərindən fərqi odur ki, İtaliya hökumətinin başçısının səfəri daha çox praktiki, iqtisadi əlaqələrə yönəlib. Kaya Kallasın səfərində isə gündəlikdə siyasi məsələlər var: Rusiya-Ukrayna müharibəsi, Avropa İttifaqının Cənubi Qafqazla əməkdaşlığı, sülh prosesi, Avropanın təhlükəsizlik arxitekturası və s. Bu mövzularda Azərbaycan dövləti ön plana çıxıb. Bu mənada Prezident İlham Əliyevin yanaşması, verəcəyi qərarlar çox önəmlidir”.

Nigar Həsənli
Musavat.com

Seçilən
17
50
musavat.com

10Mənbələr