AZ

Bakı-Brüssel xətti: strateji tərəfdaşlıq yeni mərhələdə

Kaya Kallasın Azərbaycana səfəri ölkəmizin regional təhlükəsizlik və qlobal enerji arxitekturasında artan rolunun göstəricisidir 

Avropa İttifaqı ilə Azərbaycan arasında qurulan dialoq ən dinamik dövrünü yaşayır. Regional gərginliklərin və qlobal iqtisadi dalğalanmaların fonunda rəsmi Bakının nümayiş etdirdiyi praqmatik xarici siyasət kursu Brüsseli Azərbaycanla daha sıx və çoxşaxəli əməkdaşlığa sövq edir.

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri və 2026-cı ilin ilk aylarında müşahidə olunan diplomatik intensivlik bu tərəfdaşlığın yeni reallıqlar üzərində formalaşdığını bir daha təsdiqləyir. Bu səfər tərəflər arasında qarşılıqlı etimadın və ortaq maraqların yeni mərhələyə qədəm qoyduğunun bariz göstəricisidir.

Səfər çərçivəsində Kaya Kallas Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Görüşdə siyasi dialoqun intensivliyi, yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Tərəfdaşlığın qarşılıqlı hörmət, bərabərlik və ortaq maraqlar əsasında inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.  Bununla yanaşı, Azərbaycanla Avropa arasında dialoq mexanizmlərinin, yeni ikitərəfli saziş üzrə danışıqların bərpasının və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə əməkdaşlığın önəmi vurğulanıb. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi və etibarlı tərəfdaş kimi rolu qeyd olunub.

Kallas Azərbaycanın Aİ üçün dəyərli və etibarlı enerji tərəfdaşı olduğunu deyib. Onun sözlərinə görə, xüsusilə ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün mövcud potensial var. Eyni zamanda qonaq vurğulayıb ki, Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi ortaq strateji maraqlara uyğundur: "Biz Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırıq". 

Avropa İttifaqının ali rəsmisinin Bakıya səfəri "Cənub qaz dəhlizi" nin genişləndirilməsi və Avropanın enerji xəritəsində Azərbaycanın rolunun möhkəmləndirilməsi baxımından da mühümdür. Bu səfər regionda baş verən yeni reallıqların Qərb tərəfindən necə qəbul edildiyini göstərir. Onun Bakıdakı görüşləri Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılması prosesinə təkan verə bilər. Kallasın gəlişi Azərbaycanın, sadəcə, enerji tədarükçüsü deyil, həm də rəqəmsal transformasiya və mühüm logistik mərkəz kimi Avropa üçün əvəzolunmaz tərəfdaş olduğunu təsdiqləyir. 

Avropa təsisatları arasında zaman-zaman Azərbaycana qarşı qərəzli mövqenin sərgilənməsinə rəğmən, mövcud geosiyasi və geoiqtisadi şərtlər Avropa İttifaqı üçün Bakı ilə əməkdaşlığın əhəmiyyətini ön plana çıxarır. Hazırda Aİ-nin 10 üzvü Azərbaycanın mavi yanacağını idxal edir, ümumilikdə isə tədarük coğrafiyamız artıq 16 ölkəni əhatələyir. Eyni zamanda birliyin 27 üzvündən 10-u ilə strateji tərəfdaşlıq sənədləri imzalanıb. Bu da o deməkdir ki, Avropanın təxminən üçdəbiri ölkəmizi mühüm perspektivli tərəfdaş kimi görür. 

Bakının regiondakı çəkisi xüsusilə Orta dəhliz və Xəzər hövzəsinin artan nüfuzu fonunda daha da möhkəmlənir. Azərbaycan Aİ-nin Mərkəzi Asiya və Çinə çıxışını təmin edən əsas mərkəz rolunu oynayır. Şərqdən Qərbə doğru uzanan ən etibarlı və təhlükəsiz tranzit yolu məhz Cənubi Qafqazdan keçir. Digər regionlardakı münaqişələr və qeyri-sabitlik fonunda ölkəmizin təqdim etdiyi marşrut yeganə dayanıqlı və təhlükəsiz alternativə çevrilir. Orta dəhliz təkcə iqtisadi və logistika deyil, həm də enerji diversifikasiyası baxımından həlledicidir. Ənənəvi resurslarla yanaşı, gələcəkdə bərpaolunan və "yaşıl enerji"nin də məhz bu xətt vasitəsilə qitəyə nəqli prioritet məsələdir. 

Xüsusən, Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazı ətrafındakı risklər qlobal enerji bazarlarını təhdid etdiyi bir vaxtda, Azərbaycan Avropanın enerji arxitekturasının sütununa çevrilir. Brüssel bu reallığı gördüyü üçün Bakının strateji çəkisini yüksək qiymətləndirir. Azərbaycanın logistik mərkəz kimi əhəmiyyəti qlobal səviyyədə təsdiqlənmiş faktdır. Bu gün aydın görünür ki, rəsmi Bakının iştirakı olmadan Avrasiyada əsas iqtisadi arteriyaların işləkliyini təmin etmək qeyri-mümkündür. Məhz buna görə də Aİ rəhbərliyi ölkəmizlə münasibətləri dərinləşdirməyə xüsusi maraq göstərir. 

Vurğulamaq yerinə düşər ki, 2026-cı ilin ilk aylarında Avropa İttifaqı və onun üzv dövlətlərinin rəhbər şəxslərinin - Aİ Şurasının prezidenti Antonio Koştanın, Litva Baş naziri İnqa Ruqinienenin, Latviya Prezidenti Edqars Rinkeviçsin, Çexiya Baş naziri Andrey Babişin və İtaliya Baş naziri Ciorcia Meloninin Azərbaycana ardıcıl səfərləri rəsmi Bakının beynəlxalq nüfuzunun və mövqeyinin miqyasını nümayiş etdirir. Görüşlərdə əsas diqqət enerji tərəfdaşlığı ilə yanaşı, regional təhlükəsizlik və sülh gündəliyinə yönəldilib, xüsusilə enerji idxalının şaxələndirilməsi və nəqliyyat dəhlizləri mövzusunda mühüm razılaşmalar əldə edilib. İtaliya Azərbaycanın Avropadakı birnömrəli ticarət tərəfdaşıdır. Latviya və Litva rəhbərliklərinin Bakıya gəlişi Baltikyanı ölkələrlə əlaqələrin dərinləşməsi və Avropa daxilində Azərbaycanın mövqeyini müdafiə edən tərəfdaşların sayının artması baxımından önəmlidir. 

Avropa liderlərinin Bakıda verdikləri bəyanatlar da Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyin ən yüksək səviyyədə davam etdiyinin göstəricisidir. İntensiv səfərlərin mühüm praktiki nəticələrindən biri də İtaliya, Macarıstan və digər Aİ ölkələrinin şirkətlərinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prosesində fəal iştirakıdır. Xüsusilə İtaliya şirkətlərinin enerji infrastrukturu və mülki tikinti, Macarıstanın isə kənd təsərrüfatı və şəhərsalma layihələrindəki rolu əməkdaşlığın real iqtisadi müstəvidə də dərinləşdiyini təsdiqləyir. Avropa investisiyalarının bu bölgələrə cəlb olunması Azərbaycanın postmünaqişə dövründəki quruculuq modelinə beynəlxalq etimadın və dəstəyin bariz nümunəsidir. Bu məqam Azərbaycanın smart texnologiyalar və aqrar sahədə də Avropa üçün cəlbedici olduğunu sübut edir. 

Bununla yanaşı, tərəflər rəqəmsal transformasiya, innovasiya və süni intellekt kimi yeni texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsinə də xüsusi diqqət yetirirlər. Xüsusilə Xəzər dənizindən Qara dənizin dibi ilə Avropaya çəkiləcək elektrik kabeli layihəsi (Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan) Bakını Avropanın elektrik enerjisi bazarına birbaşa bağlayacaq. Bakı Xəzər dənizinin dibi ilə çəkilən optik xətlər və elektrik kabelləri vasitəsilə Avropanın rəqəmsal və "yaşıl enerji" gələcəyinin əsas mərkəzlərindən birinə çevrilir. 

Bütün bu proseslər göstərir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq modelinə çevrilməkdədir. Mövcud dinamika onu deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı daha institusional və strateji xarakter alacaq.

İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Seçilən
2
50
azerbaijan-news.az

10Mənbələr